» » Şah İsmayıl Xətainin dilində təriqətçilik


Şeçilmişlər Şah İsmayıl Xətainin dilində təriqətçilik

ŞAH İSMAYIL XƏTAYİNİN DİLİNDƏ TƏRİQƏTÇİLİK


Abbasov İlkin Mehman oğlu

Gəncə Dövlət Universiteti

aabbasovilkin@gmail.com

Xətayinin (1486-1524) poeziyasında panteizmin (sufiliyin, irfançılığın) çox güclü təsiri vardır. Doğrudur, Xətayi bir dövlət başçısı kimi Azərbaycan dilini dövrünün və zəmanəsinin zirvəsinə qaldıra bilmişdi. Lakin ümumiyyətlə, orta əsrlərdə Azərbaycan dilinə daxil olmuş ərəb-fars tərkiblərini, qəliz söz və ifadələri bu dildən təmizləmək mümkün deyildi. Hərçənd, Füzuli də deyirdi ki, «Nəzmi nazik fars dilində ona görə çox yazılırdı ki, türk dilinin şeir tərkibləri (standartları) yaxşı formalaşmayıb və məndə bacarıq olsa bu çətinliyi aradan qladıraram». Ancaq dili sığallamaq, onu asan başa düşüləcək səviyyədə çatdırmaq təkcə Füzuli işi deyildi. Üstəlik də klassik dövrdə, ta Nizamidən başlamış Mirzə şəfi Vazehə kimi davam edən irfançılıq ənənəsi də buna yol vermirdi. Çünki, təriqətlər çərçivəsində formalaşmış poeziya dilində zahiri anlayışlarla birlikdə batini və bəşəri anlayışları da müəyyən etmək vacib idi. Bu keçidləri, rəmzləri isə araşdırmaq, axtarmaq, tapmaq elə də asan deyildi. Araşdırdıqda isə məlum olur ki, sufizmin, hürufizmin, irfançılığın, dərvişliyin və digər təriqətlərin əsaslarının poeziyaya tətbiqi dilin inkişafına nəinki pozitiv təsir göstərmiş, əksinə onu daha da qəlizləşdirmişdir. Üstəlik də bu günümüz üçün təriqət ədəbiyyatının demək olar ki, elə bir əhəmiyyətli tərəfi qalmamışdır. Ancaq təriqətlərin bürüncəyindəki poeziya dilini öyrənmək, hər halda, mədəniyyət tariximizdən, ictimai şüurun formalaşması prosesindən xəbərdar olmaq məqsədi daşıyır. Bu tarixilikdir, ənənəvilikdir, bundan yan keçmək də mümkün deyildir.Bu böyuk şəxsiyyətlərin əsərlərində, əslində, Qurandan gələn və dünyəvi kşflərə aparan intuisiyalar müşahidə olunur. Ancaq humanitar məhdudiyyətli intuisiyalar, o zaman bəşəri kəşflərə çevrilə bilmədi. Yalnız bu düşüncə və duyumlar bəşəri əhəmiyyəti hümanizm, insan hüquq və azadlıqlarının qorunması, xeyirxahlıq, ədalətlilik, mənəvi saflıq və səmimiyyət kimi əxlaqi keyfiyyətlərin bərqərar olması çərçivəsində inkişaf etdirilmişdir.

Klassik dövrdə mütəfəkkir şəxslər öz humanist fikirlərini açıq deyə bilmədiklərindən təriqətçilik pərdəsində öz sözlərini gizli və batini şəkildə çatdırırdılar. Din xadimləri onları Allaha şəriklik etməkdə, bütpərəstliyə meylliliydə günahlandırırdılar. Bu yolla onlar təqib olunurdu. Guya din adamları Allahı Həllac Mənsurdanmı qoruyurdular, Fəzlullah Nəimidənmi qoruyurdular, Nəsimidənmi qoruyurdular. Əsla beə deyildi. Çünki Allahın kimsədən qorunmağa ehtiyacı yox idi. Din adamları, əslində hakimiyyətin siyasətini qoruyurdular. Çünki siyasi tərəfə gələndə sözü gizli deyən şairlər zümrəsi hakimiyyət üçün qorxu törədə bilən adamlar sayılırdı. Ona görə ki, onlar batini görürdülər. Sözlərini batinə görə deyirdilər. Batinin bir tərəfi isə hökmdarların ədalətsizliyi, mənsəbpərəstliyi, zülmkarlığı idi. Qorxuonda idi ki, «batini görən» şəxslər cəmiyyətdəki bu hərc-mərcliyi duyub batini yolla təbliğat apara bilərlər, xalqı hakimiyyətə qarşı qoya bilərlər. Ona görə də «batinçilər» iki tərəfdən təqibə məruz qalırdılar.

Şah İsmayıl Xətayiyə gəlincə, o hökmdar idi, haqqa sığınırdı, öz xalqının mənəvi haqqını müdafiə edirdi. Xalqı üçün çalışdığına görə xalqa tərəf olanlara yardım edirdi və sidq ürəklə haqqa üz tutub çətin anlarda ondan yardım istəyirdi. Şairin sufizmi, panteizmi, irfançılığı bu yolda formalaşırdı.

Bir hökmdar şair kimi Xətayinin batini söz deməyə ehtiyac yox idi. Ancaq sənətkar öz dini dünyagörüşünə və klassik şeir üslubunun tələblərinə görə sufilikdə, vəhdətdə-vücudda (panteizmdə) və irfanda işlədilən rəmzlərdən də istifadə edir. Misal üçün aşağıdakı qəzəlindən nümunə göstərmək olar:

Yüzündür bu cahan içrə fələkdə mahi-taban tək

Bitibdir hüsn bağında boyun sərvi-xuraman tək

(Bu dünya və aləm içində parlaq ay kimi işıqlı olan sənin üzündür (EyAllah)

Gözəllik bağında sənin boyun naz-qəmzəli sərv kimi ucadır)

Vüsalına irən derlər, həyati-cavidan buldu

Saqın zülmətinin içrə ləbindir abi-heyvan tək

(Sənin vüsalına yetən, deyərlər ki, əbədi həyat tapdı,

Qaranlıq saçın içərisində ağzın daim həyat kimidir).

Məgər kim, vəhdi-münzəldir qaşınla kiprigün, zülfün

Yüzün ovraqinin üstə yazılmış sətri Quran tək

(Ey peyğəmbər, məgər ki, qaşın, kipriyin və saçın göydən enmiş vəhydir,

Elə vəhydir ki, üzünün vərəqinin üstə yazılmış Quran sətirlərinə bənzəyir.

Xətayinin sufilik, panteist ruhlu qəzəllərində daim Allahın, Peyğəmbərin və imamların mədhi verilir. Sair, eynizamanda, imamlara sadiq olan şəxslərə də sədaqətliliyini poeziya dili ilə şərh edir.Xətayinin dilində sufiliyin təzahürü onun bu dünya həyatının nəfsindən çəkinməyi təbliğ edən şeirlərində də görmək olur.

Sectarianism in the language of Shah Ismail Khatai

Ilkin Mekhman oglu Abbasov

Ganja State University

Summary

İt was not so easy to find and explore this periods and symbols. This article discusses hidden and human understandings in the form of formalized poetry in the frame of Shah Ismail Khatai’s sects. It turns out that the application of sufism, hypophthalmism, irrationalism and other sects in poetry has not only positively influenced the development of language, but also made in more complicated.



23 noyabr 2017 ci il. AMEA Nizami Gəncəvi adına milli Azərbaycan Ədəbiyyatı muzeyi. "Xətainin Qılıncı və qələmi" mövzusunda respublika elmi  konfransı