-İs-te-fa! İs-te-fa! İs-te-fa! Əvvəlcə bu sözləri lap uzaqlarda xorla çığırırdılar. Diqqət kəsilsəydin belə, anlaya bilməyəcəkdin "is-te-fa" qışqırırlar, yoxsa "iş-ta-ha", "Mus-ta-fa"... Sonra bu səslər dəhşətli gurultuya çevrilib get-gedə yaxından eşidilməyə başladı və qəflətən metro stansiyasının həndəvərindəki darısqal küçələrdən çıxan izdiham prospektdə birləşib nəhəng, təlatümlü insan selinə dönərək, üzüyuxarı - şəhərin baş meydanına doğru səmt aldı. "Sel" bəzən qarşılaşdığı təsadüfi adamları da ağuşuna alıb özüylə aparırdı. Bu axının qabağında duruş gətirmək çətindi, gərək yoldan çəkilib kürəyini söykəyəydin divara, kirimişcə durub baxaydın, yoxsa kükrəyən "dalğa" səni də qamarlayıb udacaqdı... "... ar olsun!", "Məmmədəli Səbzəliyevə azadlıq!", "...azad mətbuata qarşı təqiblərə son qoyulsun!", "Qarabağ və çörək!", "Seçki saxtakarları cəzalandırılsın!" və s. yazılmış plokatlar, transparantlar; qəzəblə düyünlənib "is-te-fa" hayqırtılarıyla həmahəng tərzdə izdihamın başı üzərində qalxıb-enən yumruqlar gözdən itən kimi, metro stansiyası ətrafında həyat yenidən canlandı: sanki videomaqnitafondakı "stopkadr"ın düyməsini basmışdılar, bayaqdan ovsunlanmıştək ağzı açıq halda donub qalan adamlar hərəkətə gəldilər. - Əşi, bunlar da guya mitinqlə bir şey eləyə biləcəklər, qəzet köşkü qarşısında durub satıcı Əskərlə mırt vuran Allahqulu gileyləndi. - Kreslo davasıdır, qardaş, - satıcı mızıldandı, - səni, məni fikirləşən kimdir. Yenə də adamlar tək-tək, iki-bir, üç-bir deyinə-deyinə, donquldana-donquldana köşkün qabağından keçib metroya girməyə başladılar. Hamının üzündə təlaş, nigaranlıq vardı.