KitabYurdu » Kitab » Tarix » Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə


Şeçilmişlər Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə

Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə PDF
ADI:
Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə
REYTİNQ:
  • +18
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
2.04 Mb
Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur. Müvafiq fəsillərdə SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nəticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxmasından sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğurduğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi kimi - Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kontekstində nəzərdən keçirilir.
Son təqribən qırx il ərzində Əfqanıstanda və onun ətrafında baş verən hadisələrin təhlili çağdaş beynəlxalq münasibətlərdə gedən prosesləri dərk etmək baxımından böyük əhəmiyyət daşıyır. Xüsusən 1979-cu ildə sovet qoşunları Əfqanıstana yeridildikdən sonra həmin proseslərin bir növ latent qatları üzə çıxmağa başladı və böyük güclərin, regional oyunçuların bu ölkədə geosiyasi mübarizəsi açıq müstəviyə keçdi. Əlbəttə, o vaxtlar sovet adamları qapalı cəmiyyət şəraitində proseslərin mahiyyətini adekvat şəkildə anlamağa çətinlik çəkirdilər və bir çoxları səmimi şəkildə inanırdılar ki, sovet hökuməti həqiqətən öz azadlığı uğrunda mübarizə aparan və sosialist inkişaf yolu seçmiş qardaş əfqan xalqına yardım etmək və onu dünya imperializminin hücumundan qorumaq üçün bu ölkəyə qoşun göndərib və oradakı sovet əsgəri, o zamanlar deyildiyi kimi, öz beynəlmiləl borcunu yerinə yetirir. Lakin SSRİ-nin süqutundan sonra hamıya məlum oldu ki, sovet rəhbərliyi Əfqanıstanda ideoloji pərdə arxasında gizlədilən tamam başqa hədəfləri güdürmüş və bu ölkə uğrunda mübarizə əslində bir vaxtlar çar Rusiyası ilə Britaniya imperiyası arasında gedən Böyük oyunun yeni şəraitdə davamı imiş. Yeni şəraitin özəlliyi bunda idi ki, Britaniyanın yerini ABŞ tutmuş və oyuna Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İran və s. kimi yeni aktorlar qoşulmuşdu, bu da ona daha mürəkkəb səciyyə bəxş edirdi. Başqa sözlə, 1980-ci illərdə Əfqanıstanda gedən qanlı münaqişə sadəcə Soyuq müharibənin təzahürü deyil, daha qlobal geostrateji mübarizənin ifadəsi idi. Bunu belə bir fakt da təsdiq edir ki, sovet qoşunları ölkədən çıxarıldıqdan, Soyuq müharibə başa çatdıqdan və nəhayət, mücahidlər Əfqanıstanda hakimiyyətə gəldikdən sonra da orada sabitlik və sülh yaranmadı. 1996-cı ildə Əfqanıstanda “Taliban” adlanan neofundamentalist qüvvənin hakimiyyətə gəlişi, ölkənin tədricən radikal islamçı cərəyanların, o cümlədən, “Əl-Qaidə” qlobal terror təşkilatının səngərinə çevrilməsi, 2001-ci ilin 11 sentyabr hadisələri və nəhayət, ABŞ və müttəfiqlərinin Əfqanıstana hərbi müdaxiləsi onu göstərdi ki, burada baş verənlər lokal xarakterli münaqişə deyil, beynəlxalq səviyyədə gedən mürəkkəb proseslərin başlanğıc nöqtəsidir. Belə ki, Əfqanıstanda müşahidə olunan hadisələr sonradan fərqli formalarda İraqda, Şimali Afrikada, Suriyada davamını tapdı; aydın oldu ki, Əfqanıstan düyünü Orta Şərqi, Mərkəzi və Cənubi Asiyanı əhatə edən geniş bir regiondakı geosiyasi proseslərin tərkib hissəsidir.