Kitab sıralar nəzəriyyəsinin ilkin anlayışlarına və əsas elementlərinə həsr olunmuşdur. Kitabda nəzəri materialın qısa şərhi ilə yanaşı çalışmalar və testlər də verilmişdir. Kitab texniki universitetlərin tələbələri və ali hərbi məktəblərin kursantları üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaiti uzun illər müəlliflərin ali riyaziyyat kursu üzrə apardıqları mühazirə və praktıkı məşğələ təcrübəsi nəticəsində meydana çıxmışdır. Sıralar riyazi analiz kursunun mühüm bir sahəsi olub, müxtəlif məsələlərin həllində əhəmiyyətli rol oynayır. Müxtəlif funksiyaların qüvvət, triqonometrik və məxsusi funksiyalara görə sıralara ayrılışının mümkünlüyü, onun tətbiq sahəsini daha da genişləndirir. Sıralar ədədi və funksional sıralar olmaqla iki hissəyə ayrılır və riyazi analiz kursunun bir hissəsi olmaqla yanaşı, digər bölmələrlə də sıx surətdə bağlıdır. İlk əvvəl sıraların ardıcıllıq və limitlə əlaqəsini qeyd edə bilərik. Belə ki, hər bir u1, u2, . . . , un, . . . ardıcıllığına bir u1 + (u2 u1)+ (u3 u2)+. . + (un un-1)+ . . . sırasını və tərsinə hər bir u1 + u2 + . . . + un + . . . sırasına onun {Sn} xüsusi cəmlər ardıcıllığını qarşı qoymaq olar. Hər iki halda ardıcıllığın limiti və sıranın cəminin eyni olması sıraya ardıcıllığın yeni forması kimi baxmağa imkan verir. Lakin limitin varlığının müəyyən edilməsi və onun hesablanmasının bu yeni forması o qədər üstünlüklərə malikdir ki, onun nəticəsində sıralar riyazi analiz və onun tətbiqləri sahəsində mühüm tədqiqat silahına çevrilir. Bir çox açılmayan inteqralların (müəyyən) hesablanması onların qüvvət sırasına ayrılması nəticəsində mümkün olmuşdur. Sıralar təqribi hesablamalara geniş tətbiq edilir. e və kimi transendent ədədləri sıralar vasitəsilə istənilən dəqiqliklə hesablamalaq olar. Riyaziyyatın “İnteqral tənliklər”, ”Diferensial tənliklər” və “Spektral analiz” bölmələrində də sıralarsız keçinmək mümkün deyildir. Furye sırası və onun kompleks forması elektrotexnika radiotexnikada geniş tətbiq olunur. Sonuncuların isə aviasiya, hərbi texnikanin öyrənilməsində və idarə edilməsində çox böyük rolu böyükdür Furye sırasının riyaziyyaatçılar üçün əhəmiyyətini amerikan alimi Lansoş belə ifadə etmişdir: «Əgər bizə biri istisna olmaqla, bütün riyazi kəşfləri atmaq təklif olunsaydı, tərəddüd etmədən Furye sırasını saxlayardıq. Bu sıra analizin bütün inkişafına həm nəzəri, həm də praktiki aspektdə çox böyük təsir etmişdir». Qeyd edək ki, teorem və əlamətlərin müxtəlif ədəbiyyatlarda isbatının olduğu nəzərə alınaraq, onlar vəsaitdə əsasən isbatsız verilmişdir. Hər paraqrafda mövzuya aid çaışmalar həllinə geniş yer verilmiş, müstəqil həll etmək üçün tapşırıqlar tərtib olunmuşdur. Vəsaitdə sıralar üçün ənənəvi sahələrlə yanaşı, müəlliflərin gərəkli hesab etdiyi bir sıra sahələrə də yer ayrılmışdır. Belə ki, tanış olanlar üçün maraqlı ola biləcəyi nəzərə alınaraq R. Sevdimalıyevin S.Valehovla birgə yazdığı [11] «Sıraların yığilma dərəcəsi anlayışı» məqaləsi yenidən işlənərək §1.7 şəklində vəsaitə daxil edilmişdir. §2.13-ün harmonik analiz hissəsində Furye sırasının praktiki tətbiqlərinə yer ayrılmış, elektromaqnit impuslarının (siqnallarının) işlənməsinin və ötürülməsinin Furye sırası vasitəsi ilə spektral təsviri göstərilmişdir. Ümid edirik ki, vəsait həm sıralar nəzəriyyəsini öyrənmək istəyənlər üçün, həm də bu sahə üzrə biliklərini təkmilləşdirmək istəyənlər üçün maraqlı və faydalı olacaqdır.