KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat


Şeçilmişlər Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat

Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat PDF
ADI:
Bir Qadının həyatından iyirmi dörd saat
REYTİNQ:
  • +53
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
508 kb
O zaman, hələ müharibədən on il əvvəl yaşadığım Riverdəki pansionatda bir dəfə süfrəmizin başında qızğın bir mübahisə düşdü. Mübahisəmiz elə kəskinləşdi ki, az qala, kinli hədələr, hətta dalaşma ilə bitəcəkdi. Adamların çoxu zəngin təsəvvürlü adamlar deyildi. Haradasa kənarda onlara bilavasitə aid olmayan, onları təngə gətirib, zəhlələrini tökməyən bir hadisə baş verirsə, bu onların hisslərinə heç toxunmur, onları narahat etmir. Yox, əgər əhəmiyyətsiz bir hadisə düz onların burunlarının ucunda baş verirsə, heysiyyətlərinə toxunursa, o saat mənlikləri cuşa gəlir. Belə hallarda adamların bir növ səbir kasaları dolur, qarşısıalınmaz, özü də lüzumsuz mübahisələr baş verir. Bizim o mötəbər məclisimizdə bu dəfə də eynən beləcə oldu; biz nahar zamanı adətən small talk* edər, bir-birimizə yüngülcə sataşar, zarafatlaşıb gülüşər, xörəkdən sonra isə qalxıb müxtəlif səmtlərə ayrılardıq: alman öz arvadı ilə fotoaparatını götürüb gəzməyə gedər, mehriban danimarkalı cansıxıcı balıq ovuna, ingilis xanımı kitablarının yanına, italiyalı ər-arvad Monte-Karloya şənlənməyə yollanar, mən isə heç yana getməyib tənbəl-tənbəl avaralanardım; gah həsir kresloda yellənər, gah da oturub işləyərdim. Amma bu dəfə amansız bir dəyişmə baş verdi; hərgah birisi sıçrayıb dururdusa, bu durmaq nəzakətlə xudahafizləşmək üçün deyil, əvvəlcə dediyim kimi, son dərəcə ciddi şəkil alan, bu od-alova yenidən atılmaq üçün idi.
Bizim balaca masamıza belə bərk çaxnaşma salmış bu hadisə, əlbəttə, çox qəribə hadisə idi. Yeddimizin yaşadığı bu qonaq evi xarici görkəmindən xüsusi villanı xatırladırdı – pəncərədən görünən sahil qayalıqlarının mənzərəsi necə də gözəldi! Əslində isə bura böyük «Palas-otel» mehmanxanasının əlavə bir tikilisi idi, aralarındakı bağ vasitəsilə bir-birinə birləşirdi, belə ki, biz ayrı yaşasaq da, həmişə görüşürdük. Bir neçə gün bundan əvvəl otelimizdə böyük bir qalmaqal oldu. Günorta saat on iki iyirmi dəqiqə qatarı ilə (mən vaxtı dəqiq göstərməyə məcburam, başqa cür mümkün deyil, çünki bu mövzumuz və eləcə də olmuş hadisə üçün vaxtın dəqiqliyi xüsusi əhəmiyyət kəsb edir) gənc bir fransız gəldi və oteldə üzü dənizə bir otaq tutdu; təkcə bu faktın özü göstərirdi ki, oğlan çox varlıdır. O, təkcə səliqəli geyimi ilə deyil, həmçinin yaraşıqlı görkəmi və qeyri-adi gözəlliyi ilə də hamının nəzər-diqqətini cəlb etdi: onun qızlara məxsus zərif, uzunsov sifəti, ipəkvari açıq-sarı bığları, xoşagələn dodaqları, dalğalı və şabalıdı yumşaq saçları, ağ alnına tökülmüş qıvrım telləri, nəvazişli, məhzun baxışlı gözləri vardı; – onun hər yeri gözəldi. Sifəti nəsə yumşaq, həlim bir məsumluqla əhatə olunmuşdu. Duruşunda qurubəylikdən və ədabazlıqdan əsər-əlamət belə yox idi. Uzaqdan və ilk baxışdan bu oğlan moda mağazalarının vitrinlərində əlində şux çəlik tutmuş və məğrur-məğrur özünü şüşə arxasından nümayiş etdirən, kişi gözəlliyinin ideal timsalı olan müqəvvaları xatırlatsa da, ona yaxınlaşdıqca bu təəssürat tamamilə yoxa çıxırdı, çünki onun sifətinə çökmüş sabit səmimiyyət (əlbəttə, bu nadir haldır!) təbii və sanki, anadangəlmə idi. Onun hamını səmimi və ciddi tərzdə salamlaması, hər bir hərəkətindəki sərbəstliyi və sadəliyi, ehtiram və nəzakəti adama xoş təsir bağışlayırdı. Əgər bir xanım qarderoba yaxınlaşırdısa, o, qadının paltosunu tutmaq üçün cəld irəli gedir, gördüyü hər uşağın qəlbini mehriban bir baxışla oxşayar, yaxud atmaca sözlərlə dindirib, könlünü alardı, özünü xoşrəftar, eyni zamanda, təmkinli aparardı. Sözün qısası, o, öz aydın sifəti və gənclik lətafəti ilə hamını özünə əsir etdiyinə əmin olan xoşbəxt gənclərdən idi, belə gənclər bu inamı sonralar cazibə qüvvəsinə çevirirlər. Bəli, o, belə bir xoşbəxt gənclərdəndi. Onun gəlişi otelin yaşlı və xəstə adamlarına (belələri isə burada əksəriyyət təşkil edirdi) xoş təsir bağışladı. Öz təzə-tərliyi, həyatsevərliyi, gənclərə məxsus təravətli təbəssümü ilə hamının rəğbətini qazandı.