KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Çingiz Aytmatov - Cəmilə


Şeçilmişlər Çingiz Aytmatov - Cəmilə

Çingiz Aytmatov - Cəmilə PDF
ADI:
Cəmilə
REYTİNQ:
  • +84
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
279 kb
Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ayıla1 getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil, şəkil mənə xeyir-dua verəcəkdir.
Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarım ayıldan yanıma gəldikdə də onu gizlətməyə çalışıram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət nümunəsi olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir.
Şəklin dərinliyində boz payız səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. İlk planda tünd-qırmızı yov-şanlı step uzanır. Yenicə tökmüş yağışdan sonra hələ də qurumamış qara yol da görünür. Yolun kənarında quru, sındırılmış çiya kolları bir-birinin böyrünə girmişdir. Araba çarxlarının açdığı yolboyu iki yolçunun ayaq izləri görünür. Uzaqlaşdıqca bu izlər zəifləyir, yolçuların özləri isə, elə bil, bir addım atan kimi haşiyədən çıxacaqlar. Yolçulardan biri... Belədə mən bir az qabağa qaçıram.
Bu əhvalat mənim ilk gənclik illərimdə olmuşdu. Müharibənin üçüncü ili idi, ata və qardaşlarımız uzaq cəbhələrdə - Kursk və Oryol ətrafında vuruşurdular. O zaman biz on-onbeşyaşlı yeniyetmələr idik, kolxozda işləyirdik. Gündəlik kəndli əməyinin ağırlığı hələ möhkəmlənməmiş çiyinlərimizin üzərinə düşmüşdü. Biçin günləri daha ağır keçirdi. Həftələrlə evdə olmurduq, bütün günü və gecəni çöldə, xırmanda, ya da taxılın daşındığı stansiya yollarında keçirirdik.
Taxıl biçməkdən, sanki, oraqların da qızdığı belə qızmar günlərdən birində mən boş araba ilə stansiyadan geri qayıdırdım. İstədim, bir evə dəyim.
Dərənin lap böyründə, küçənin qurtardığı təpənin üstündə möhkəm saman hasara alınmış iki həyət durur. Həyət-bacanın yanında söyüd ağacları ucalır. Bunlar bizim evlərdir. Ta keçmiş zamanlardan bizim iki ailə bir yerdə yaşayır. Mən özüm Böyük evdənəm. İki qardaşım var, hər ikisi məndən böyükdür və hər ikisi subaydır. İkisi də cəbhədədir və çoxdandır ki, heç birindən xəbər yoxdur.
Atam köhnə dülgərdir. Sübhün gözü açılan kimi namaz qılıb, kolxoz həyətindəki dülgərxanaya yola düşür, bir də axşamdan xeyli keçmiş qayıdırdı.
Evdə anamla bacım qalırdı.