KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Con Fante - "1933 Bərbad bir il idi" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Con Fante - "1933 Bərbad bir il idi" əsəri ilə tanışlıq və məzmunu

ADI:
1933 Bərbad bir il idi
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
İnsan yaşlandıqca xatirələri ilə bir yerdə öz hisslərini də unutmağa başlayır. Bir çox hadisə qarşısında olan düşüncə və hissimizi sadəcə bir-iki cümlə ilə ifadə etmə imkanına sahib oluruq. Ancaq bir yeniyetmənin dilindən nağıl edilən bu romanı oxuduqdan sonra insan özünü, zaman maşınının var olmasına inandırmaq istəyir. Çünki empatiya hissi ilə yanaşı, müəllifin hadisələri istədiyi şəkildə nəql etməsi üçün bir yeniyetməyə çevrilməsi çox vacib görünür. Təbii ki, içimizdə kitabı, hamının başa düşə biləcəyi bir dildə yazacaq və təsvir olunan hadisələri yaşayacaq və ya yaşamış biriləri mütləq ki vardır. Amma, bir oxucunun, əsəri digərlərinə məsləhət görməsində olan əsas amil yazarın sahib olduğu üslub və səmimiyyətinin köməyi ilə oxucunu öz daxili dünyasına aparması qabiliyyətidir. Həcmcə kiçik olan “1933 bərbad bir il idi“ əsəri, tipik Fante klassikasının və  yaradıcılığının qısa xülasəsi kimi adlandıra bilərik.
Yoxsulluğun daşını atmaq üçün İtaliyadan Amerikaya miqrasiya edən bir ailənin həyat hekayəsi. 1933-cü ildəyik və bu dövrdə Amerikada olan iqtisadi böhranın ortasındayıq. Atası bənna, anası isə dindar olan 16 yaşlı gənc Dominic Molise. Məqsədləri və arzuları var. Ətrafını sərhədləyən kasıblıq, soyuq qışı belə xəyal etməyinə mane ola bilməsə də həyata keçməsi üçün əsas maneələr idi. Beyzbol idman növündə oyunçu olmaq istəyən Dom, “super güc”-ə sahib sol qolunu sadəcə olaraq “Qol” adlandırır. “Qol”–un vasitəsi ilə  məşhur oyunçu olacaq və pula pul deməyəcəkdi. Beləliklə özü də daxil olmaqla ailəsində olan hər kəsin həyatını xilas edəcəkdi. Ən yaxın dostu olan varlı ailənin oğlu Kenny ilə birlikdə bu ortaq arzularını həyata keçirmək üçün planlar qururlar. Əlbəttə, qəhrəmanımız hər zaman pozitiv düşünə bilmirdi. Daha dəqiq desək, xəyalını həyata keçirib məşhur bir beyzbol oyunçusu olduqdan sonra. Bəzən ölümü düşünürdü. Cənazəsini xəyal edərək, yüzlərlə insan və adını beyzbol tarixinə yazan oyunçunun cəsədini xatırlayırdı. O, ölən zaman belə kasıb bir şəkildə ölməyi düşünmür. 
Sevmək və sevginin verdiyi xoşbəxtliyi əldə etmək üçün öz yolumuzdan dönər, ən sonda vicdanımızla bizi üz-üzə gətirə biləcək yollara üz tuturuq. Dom, arzularına bağlı idi, onları sevirdi, lakin burada olan sevgini yaradan yoxsulluqdan doğan bir üsyan idi. Bu üsyanı yatırmağın yeganə çıxış yolu isə pul qazanmaq idi və buna da sadəcə beyzbol ilə nail ola bilərdi. Beyzbol pul qazanmaq və məşhur olmağın yeganə yolu idi. Buna görə də beyzbol oynamaqdan həzz alırdı. Cəmiyyətimizə nəzər yetirsək bir çox ailədə müaşahidə edə bilərik ki, atalar gələcəkdə öz oğulları ilə bir yerdə ortaq iş görməyin xəyalını qurarkən, oğullar azadlığa, tək başına nələrəsə nail olmağa daha çox can atır. Lakin, bu cür ataların daha çox realist olduğunu düşünmək olar. Eynilə ata Molise kimi. O da oğlu ilə bir yerdə bənna işini davam etdirməyi, borclarını ödədiyi və artıq gəliri bir qədər daha yüksək rifalı günləri xəyal edir. Çünki, Catalinaya getməsi üçün Domun ehtiyacı olduğu əlli dolları verə bilməyəcəyini bilirdi. Əsərin süjet xətti Dom, dostları və arzuları ətrafında davam etsə də, ata obrazını görməzdən gəlmək olmaz. Ailəsinə bağlı olmamğı, içki və qumara pul xərcləməyi onun da illərin yorğunu olduğunu göstərir. Çünki, əsəri oxuduqca başa düşmək olur ki, atanı pis davranışlara vadar edən şey içində olan çarəsizlikdir. Əlbəttə, pis davranışlara bəraət qazandırmaq istəmirik, amma, çarəsizlik atanın vecsiz olmasının əsas səbəbidir. Daha sonra oğluna borc taparaq 25$ verməyi isə atanı gözümüzdə bir qəhrəmana çevirir. Necə bir insan olmağından asılı olmayaraq, fədakarlıq edən şəxslər həmişə layiq olduğu dəyəri görməlidir. Dom, öz arzularını həyata keçmək üçün, ailəsinin tək gəlir mənbəyi olan, atasının köhnə sement qarışdırıcısını satmaq fikrinə düşsə  də babasının qəbrini görməsi ilə sanki vicdani hissləri oyanır və doğru fikirdə olmadığını başa düşür. Burada, həm etdiyi hərəkətə görə özünə, həm də onu bu yola məcbur edən yoxsulluğa hirsli olduğunu əsəri oxuyarkən hiss etməmək mümkün deyil. Eyni zamanda bu iş üçün Parrishler ailəsinin kamazını istifadə etməklə bağlı Keni razı salmağından xəbəri olan Kenin atası, oğlunun Domla olan dostluq münasibətinə də son qoyur. Görünən budur ki, Dom dost və məqsədlərindən məhrum olmaqla yanaşı, istəmədiyi bir həyatı da yaşamaq məcburiyyətindədir.
Əsər tamamlanmasa da oxuyub bitirən zaman yarımçıq olduğu hiss edilmir. Lakin, Domun gələcək həyatı oxucuda maraq doğurur. Doğru yolun olmadığı zamanlarda əlbəttə ki, gözləmək vacibdir. Əks halda Dom kimi yanlış və hər zaman utanc hiss edə biləcəyimiz davranışlar edə bilərik. Ancaq vaxt dayanmadan gedir. Zamanın boşuna axıb getməyi bizlərdən nələri oğurlayıb aparacaq, bunu sadəcə geriyə baxdığımız zaman daha yaxşı başa düşə bilərik.