KitabYurdu » Kitab » Tural Sahab - Türkan


Şeçilmişlər Tural Sahab - Türkan

Tural Sahab - Türkan PDF
ADI:
Türkan
REYTİNQ:
  • +79
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
909 Kb
Ölümün olduğu yerdə nəyi ciddiyə almaq olar?!  Bu suala əsrlərdir düşünməyi bacaran bütün insanlar cavab axtarır. Cavab isə... Yoxdur. Ölüm varsa, qalan hər şey yalan və boşdur... Bir gün bu dünya özü də öləcək. Yazılan hər əsər, çəkilən hər rəsm; uzun sözün qısası, hər şey bir gün yox olacaq. Unudulmaq və ölüm dəyişməz alın yazımızdı. Gün gələcək məzar daşlarımız belə torpağa qarışacaq, gün gələcək torpaq özü belə kainatın boşluğunda boğulacaq, yox olacaq.
     Ölüm gələnə qədər isə yaşamaq-gözəl yaşamaq lazımdı. Heç kimin sözünə qulaq asmadan, heç kimi dinləmədən... Öz istədiyin kimi... Evlənəcəyin insanı, işləyəcəyin işi özün seçəcəksən. Kimsə sənin yerinə, sənin həyatın haqqında qərar verməyəcək. Bu həyat, bu ömür sənə verilib. Bəli, ancaq sənə! Kiminsə sözü ilə yaşayasan deyə yox, öz qərarların-doğru və yanlışlarınla özün yaşayasan deyə. 
Mənə nə başqalarının həyatından?! Və, sənə nə mənim həyatımdan?! Bu iki balaca cümlə son zamanlarda həyat devizim olub. Baxıram, insanlar ölür, yaşamadan, yaşaya bilmədən ölür. Ya “başqaları nə deyər”-deyə istədiklərini edə bilmir, ya da başqalarının istədiklərini müzakirə edir. Beləliklə, ömür tükənir. Bir sabah açılır, lakin o sabahda onlar olmur...
İnsanlar kitabları oxumadan, şeirləri dinləmədən, filmləri izləmədən ölür. Bir dəfə belə yağışın altında rəqs edə-edə islanmadan, hər kəsi unudub mahnı oxumadan, hər kəsin içində sevdiklərinə sarılıb “səni sevirəm” demədən ölür insanlar...  Doyunca sevmədən, doya-doya yaşamadan ölür insanlar... Bütün həyatımız ancaq işləmək, yemək və yatmaq üzərində qurulub. Daha çox pul qazanırıq, lakin xərcləməyə əlimiz gəlmir. Məsələn, gözəl paltarlar almırıq, gözəl ətirlərdən istifadə etmirik, səyahətə çıxmırıq. Ancaq işləyirik və bir gün film bitir. Çox vaxt əziyyət çəkib tikdiyimiz evdə yaşamadan ölürük. Gətirib cəsədimizi evin ortasına uzadırlar ki, heç olmasa, bir  gecə tikdiyi evdə gecələsin. Sizə bu lazımdı?! Şəxsən mənə lazım deyil. Yaşamaq istədiyim həyat bu deyil. 
Bu yazını yazdığım zaman 29 yaşım var. Dost-tanış evlənir, ətrafdakılar “evlən-evlən” deyə beynimi məhv edir, mənsə,  bəlkə də kimsənin  oxumayacağı romanlar yazıram. Bu, məni narahat edirmi? Qətiyyən! Çünki, bu, mənim həyatım, mənim seçimimdi. Ömründə heç vaxt kitab oxumamış, aşiq olmamış insanların məsləhəti, sözləri niyə mənimçün önəmli olmalıdır ki?! “Cəhənnəmə gedən özünə yoldaş axtarır” deyirlər. Düşünürəm ki, həyatlarını cəhənnəm kimi yaşamış insanların fikirləri ilə özümü niyə incitməliyəm?!
Cek London, Drayzer, Mopassan çox sevdiyim dostlarımdır. Hə, bir də axır vaxtlar Jan Pol Sartr adlı bir oğlanla tanış oldum. Həyat və ölüm haqqında düşüncələrimiz, demək olar ki, eynidir. O da mənim kimi daha dünyaya gəlməmiş insanlara sevgini öyrətmək istəyir. Bax, mənim dostlarım, məsləhət alacağım insanlar bunlardı...
Bir azdan yeni romanıma başlayacağam. Hələ də nədən yazacağıma qərar verməmişəm. Nə yazacağımı, necə yazacağımı özüm də bilmirəm, daha doğrusu, özümə də maraqlıdır. Bəlkə bu dəfə alındı, o çox istədiyim əsəri yazmağı bacardım... Bəlkə də heç romanı bitirə bilmədim. Əslində, bütün bunların bir önəmi yoxdur, mənim vecimə də deyil necə olacağı, nə olacağı... Əsas olan: mən hal-hazırda yaşayıram və sevdiyim işlə-yazmaqla məşğulam...


Tural Sahab