KitabYurdu » Kitab » Biologiya » Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları


Şeçilmişlər Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları

Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları PDF
ADI:
Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları
REYTİNQ:
  • +17
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
6,04 mb
Lənkəran vilayətində mövcud unikal bioiqlim şəraitindən (zəngin və çoxçalarlı iqlim, bitki örtüyü, relyef və s.) asılı olaraq burada özünəməxsus torpaq örtüyü formalaşmış, vilayətdə istər ovalıq, istərsə də dağlıq sahələrdə müxtəlif torpaq tipləri və yarımtipləri əmələ gəlmişdir. Bölgənin torpaqlarını R.V.Kovalyev (4), M.E.Salayev (5), S.Z.Məmmədova (3) və başqa alimlər geniş tədqiq etmişlər. R.V.Kovalyev Lənkəran vilayətinin torpaqlarını 4 qrupa ayırmışdır: 1. Sarı torpaqlar; 2. Qəhvəyi torpaqlar; 3. Qonur torpaqlar; 4. Bozqır torpaqlar. R.V.Kovalyev torpaqların relyefdə (oroqrafiyada) tutduğu mövqeyə görə də, bölgədə torpaq əmələgəlmə prosesini 3 sırada düzmüşdür: 1. Avtomorf; 2. Avtomorf-hidromorf; 3. Hidromorf. Lənkəran vilayətində avtomorf (qarışıq) torpaqlara – aşınma məhsulları və ya torpaq əmələgəlmə prosesləri nəticəsində törənmiş maddələrin kənardan daxil olmadığı dağ və dağətəyi ərazilərin torpaqları aid edilir. Hidromorf (rütubətli) torpaqlar Lənkəran ovalığının depressiya ərazilərində yayılmışdır. Onların formalaşmasında kənardan daxil olmuş aşınma məhsulları və dağ torpaq əmələgəlmə proseslərin törəmələri iştirak edir. Avtomorf-hidromorf torpaqlar isə qruplar arasında aralıq mövqedə durur. Lənkəran ovalığında, xüsusilə ovalığın şərq hissəsində çəmən bataqlıqlarda lilli-qleyli və zəif podzollaşmış lilli-bataqlıq torpaqlar inkişaf etmişdir. Bataqlıq torpaqlar əsasən allüvial və prolüvial çöküntülər əsasında əmələ gələrək, mexaniki tərkiblərinə görə birinci yarımmetrdə ağır gillicə və gillicə-qum təbəqələri ilə növbələşən gilli çöküntülərdən ibarətdir. Daha dərin qatlara getdikcə gilli-qumlu çöküntülərlə əvəz olunur. Bataqlıq torpaqlar humus maddəsi və qleyləşmə dərəcəsinin xüsusiyyətlərindən asılı olaraq, çürüntülü qleyli və lilli-qleyli torpaqlara ayrılır. Ovalığın şimal-şərq hissəsində, Viləşçayın sol sahilindən şimala doğru çəmən-boz torpaqlar zolaq şəklində inkişaf etmişdir. Çəmən-boz torpaqlar allüvial və prollüvial çöküntülər üzərində quru bozqır iqlim şəraitində əmələ gələrək, mexaniki tərkibinə görə nazik təbəqələrlə növbələşən gilliqumlu çöküntülərdən təşkil olmuşdur. Cəlilabad-Qarakazımlı istiqamətdə tünd və açıq şabalıdı torpaqlar inkişaf etmişdir. Podzol, sarı-podzol torpaqlar dağətəyi qurşaqda 600-700 m hündürlüyə qədər yayılmışdır. Podzollaşmış sarı-qleyli torpaqlar əsasən Ərkivan kəndinin cənubundan başlayıb, cənuba doğru zolaq şəklində davam edərək, Vilvan, Biləsər kəndlərini, cənub-şərqdə isə Astara rayonunun ovalıq hissəsini əhatə etmişdir. 8 Talışın şimal-qərbində qəhvəyi torpaqlar, qonur dağ-meşə torpaqları yayılmışdır. Burada dağmeşə, şabalıdı torpaqlara da rast gəlmək olur. Nisbətən inkişaf etmiş dağ şabalıdı torpaqlara dağarası çökəkliklərdə, suayrıcıların yamaclarında rast gəlinir. Dağ-çəmən bozqır torpaqlar isə Talışın 1800-2400 m hündürlüyündə kserofit bitkilərin yerləşdiyi sahələrdə yayılmışdır. Tədqiqatın müzakirəsi. Lənkəran təbii vilayətinin bioiqlim şəraitindən asılı olaraq, müxtəlif torpaq tipləri yayılmışdır. Rütubətli subtropik meşələrin sarı torpaq əmələgəlmə şəraitində 3 torpaq tipi fərqləndirilir: sarı, podzol-sarı, sarı-qleyli. M.E.Salayev (5) öz tədqiqatlarında bu bölgüyə dəyişiklik edərək, vilayətdə sarı dağ-meşə, podzolu-sarı və podzolu-sarı-qleyli torpaqların olduğunu göstərir. Subtropik kserofit meşələrin və bozqırların qəhvəyi, boz-qəhvəyi torpaq əmələgəlmə şəraitində, qəhvəyi, çəmən-qəhvəyi, boz-qəhvəyi, çəmən-boz-qəhvəyi torpaq tipləri formalaşmışdır. Subboreal rütubətli meşələrin qonur torpaq əmələgəlmə şəraitində yalnız bir torpaq tipi–qonur dağ-meşə torpaqları formalaşır. Subboreal bozqırların bozqır torpaq əmələgəlmə şəraitində, dağçəmən-boz və dağ-şabalıdı torpaqlar formalaşmışdır. Lənkəran vilayətinin ovalıq ərazilərindəki çəmən-bataqlıq və bataqlıq torpaqlar azonal olub, çökək ərazilərdə qrunt suların səthə yaxın olduğu və ya səth suların vaxtaşırı örtük əmələ gətirdliyi ərazilərdə ləkələr şəklində müşahidə olunur. Beləliklə, vilayətin ərazisi kiçik olsa da, burada çoxlu torpaq tipləri ilə rastlaşmaq olur və torpaq ehtiyatlarının genetik tiplər üzrə qeyri-bərabər şəkildə paylanması görünməkdədir. Lakin vilayətdə qonur dağ-meşə (17,2%), qəhvəyi (14,8), boz-qəhvəyi (14,1%) və sarı dağ-meşə (13,4%) torpaqları daha böyük çəkiyə malikdirlər. Bütövlükdə torpaq fondunun 59,5%-i və ya 378240 hektarı bu torpaqlarda cəmləşmişdir ki, onlardan da müxtəlif məqsədlər üçün istifadə olunur (3). Bir sıra əlverişli münbitlik göstəricilərilə yanaşı, Lənkəran vilayətində kənd təsərrüfatına yararlı torpaqlarının böyük bir qismi su eroziyasına və onunla bağlı müxtəlif proseslərə məruz qalmışdır.