KitabYurdu » Kitab » Biologiya » E.S. Cəfərov - Radiobiologiya


Şeçilmişlər E.S. Cəfərov - Radiobiologiya

E.S. Cəfərov - Radiobiologiya PDF
ADI:
Radiobiologiya
REYTİNQ:
  • +22
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
3.99 MB
Dərs vəsaitində Radiobiologiyanın yaranma və bir elm kimi formalaşma tarixi xronoloji ardıcıllıqla verilmiş, əsas radiobioloji anlayışlar və onların vahidləri haqqında ətraflı məlumatlar verilmiş, radiasiya dozimetriyası, radiasiya səviyyəsinə nəzarət üsulları, təbii və süni radiasiya mənbələri şərh edilmişdir. Ayrıca fəsildə təbii radiasiya fonu, onun biosfer üçün əhəmiyyəti və orqanizmlərin normal böyümə və inkişafında roluna dair məlumatlar öz əksini tapmışdır. Vəsaitdə radiasiyanın bioloji təsirinə, kiçik dozalı radiasiya probleminə, kiçik dozalı radiasiyanın stimullaşdırıcı təsirinə, radiohəssaslıq və radiorezistentlik problemlərinə xüsusi diqqət verilmişdir. Başqa bir fəsildə isə radionuklidlərin torpaqda və “torpaq ‐ bitki” zəncirində miqrasiya xüsusiyyətlərinə dair məlumatlar toplanmışdır. Təqdim olunan material həm də müəllifin özünün apardığı tədqiqatların nəticələri ilə zənginləşdirilmişdir.
Dərs vəsaiti radiobiologiya, radioekologiya, radiologiya, biofizika, molekulyar biologiya ixtisaslarını seçmiş tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsaitdən bu sahədə çalışan müəllim və mütəxəssislər, həmçinin də radiobiologiya və radioekologiyanı sərbəst öyrənənlər istifadə edə bilərlər.
Yaşadığımız mühitin radioekoliji vəziyyətinin günbəgün pisləşməsi bu gün təkcə bu sahənin mütəxəssislərini deyil, həm də geniş ictimaiyyəti narahat edir. Heç kəsə sirr deyil ki, bütün canlılar, o cümlədən də bizim hər birimiz kosmik radiasiyanın, yer qabığının üst təbəqələrində paylanmış və həm canlı orqanizmlərin, həm də onların qida məhsullarının tərkibinə daxil olan radioaktiv elementlərin yaratdığı təbii radiasiya fonunun fasiləsiz təsirinə məruz qalır. Əlavə olaraq, insanların texnogen fəaliyyəti, nüvə partlayışları, AES – lərdə (məsələn, Boyük Britaniyanın Uindskeyl, ABŞ‐ın Tri Mayl Aylend, Ukraynanın Çernobıl, Yaponiyanın Fukusima AES‐lərində) və müxtəlif atom sənayesi müəssisələrində baş verən qəzalar planetimizin ayrı – ayrı ərazilərində radiasiya fonunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Ona görə də bu gün əhali arasında, haqlı olaraq, fəaliyyətdə olan və tikilməsi planlaşdırılan AES‐lərə qarşı açıq‐aşkar etiraz edənlərin sayı kifayət qədərdir. Həmçinin də atom sualtı qayıqlarında baş verən qəzalar, nüvə poliqonları ərazilərində yaranmış mürəkkəb ekoloji vəziyyət, radioaktiv tullantıların daşınması və basdırılmasının yaratdığı problemlər və bu kimi çoxlu sayda digər hallar əhalinin bir qismində psixoloji gərginlik və bəzən də hətta kiçik radiasiya səviyyəsinə qarşı belə qorxu hissləri (radiofobiya) yararmışdır. Qeyd edək ki, yaxın vaxtlara qədər radiasiya səviyyəsinə nəzarət etməyə imkan berən dozimetrik – radiometrik cihazlar yalnız radisiya ilə əlaqəsi olan az sayda insanları maraqlandırırdısa, bu gün bu cihazlara sahib olmaq istəyində olanlar kifayət qədərdir və əhalinin istifadəsi üçün müxtəlif tip məişət dozimetrlərinin işlənib hazırlanması və istehsalı ilə onlarla dövlət müəssisələri məşğul olur.
Əgər ionlaşdırıcı şüalanmanın ekstremal təsirə malik olmasını və ətraf mühitin digər çirkləndiriclər ilə birgə təsir şəraitində onun sinerqetik effektlər (birgə təsirin ayrı‐ayrı faktorların təsirinin cəmindən çox olması kimi fenomenlər) yarada bilməsini nəzərə alsaq, onda belə şəraitlərin canlı təbiətin ekoloji vəziyyətinə və insanların sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilməsinə heç bir şübhə qalmaz. Nəhayət, məlumdur ki, bu gün ionlaşdırıcı şüalanmadan çoxlu sayda xəstəliklərin müalicəsində, diaqnostik və terapevtik vasitə kimi geniş istiifadə olunur. Ona görə həm sadalanan halların yaratdığı problemlərin dərk edilməsi, həm də radiasiya terapiyasından geniş istifadəyə və yeni texnologiyaların işlənib hazırlanmasına olan yüksək təlabat əhalinin bu sahədə müəyyən biliklərə malik olması zərurətini yaratmışdır. Bu baxımdan, hazırlanan vəsait mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də çoxlu sayda elmi və
sosial məsələlərlə diktə olunmuşdur.
Radiobiologiya ‐ ionlaşdırıcı şüalanmanın canlı orqanizmlərə təsirini öyrənən elm sahəsidir. Canlı orqanizmlərin radiasiyaya qarşı həssaslığı, onların radiasiyanın zərərli təsirlərinə qarşı davamlılığı (radiasiyanın zərərli təsirlərinə müqavimət göstərə
bilməsi), həmçinin də radiasiya şəraitinə uyğunlaşması və s. kimi problemlərin mexanizmlərinin aydınlaşdırılması radiobiologiya elminin əsas tədqiqat istiqamətlərindən hesab olunur. Adı çəkilən tədqiqat istiqamətlərində bu problemlər
radiorezistentlik, radioadaptasiya, radiostimullaşma adlandırılır.
Qeyd edim ki, kompleks elm sahəsi olan Radiobiologiya XX əsrin elmi hesab olunur. Bu elm sahəsi fiziklərin, kimyaçıların, riyaziyatçıların, həkimlərin, biofiziklərin, molekulyar bioloqların, klassik bioligiyanın müxtəlif sahələrinin mütəxəssislərinin səy və bacarıqlarının birləşdirilməsini tələb edən elm sahəsidir. Müəyyən olunmuşdur ki, ionlaşdırıcı şüalanmanın təsiri canlı orqanizmlərin molekulyar, hüceyrə, toxuma və ayrı‐ayrı orqanlar kimi hər bir struktur səviyyəsində bir çox dönən və dönməz proseslər yaradır. Birinci struktur səviyyəsində orqanizmi təşkil edən molekulların həyəcanlanması, ionlaşması və dissosiasiyası baş verir. Bu proseslər, öz mahiyyəti etibarı ilə, radiasiyanın təsirinin ilkin təzahür formalarıdır və onlar növbəti proseslər üçün zəmin yaradır. Nəzərə alsaq ki, orqanizmin çox hissəsini su təşkil edir və biokimyəvi proseslərdə suyun radiolizi mühüm rola malik olur, onda molekulyar səviyyədə baş verən bu təsirin bir çox növbəti proseslər üçün başlanğıc ola biləcəyi heç bir şübhə doğurmur.
İonlaşdırıcı şüalanmanın bütövlükdə orqanizmdə, onun ayrı‐ayrı toxuma və orqanlarında biokimyəvi proseslərin pozulmasına səbəb olması son nəticədə canlı toxuma hüceyrələrinin uzlaşdırılmış birgə fəaliyyətini tədricən pozur. Xüsusi
tədqiqatlarla müəyyən edilmişdir ki, radiasiyanın təsiri ilə hüceyrələrin təbii bölünmə prosesi pozulur və onlar məhv ola bilir. Əgər şüalanmış hüceyrələr məhv olmurlarsa və həyat fəaliyyətli qalırlarsa, onda onlar bədxassəli hüceyrələrin əcdadlarına çevrilir.
Bu gün kiçik dozalı ionlaşdırıcı şüalanmanın bir çox biokimyəvi proseslərin gedişində stimullaşdırıcı rola malik olması və radiasiya zədələnmələrinin reparasiya proseslərinin, yəni hüceyrə və orqanizimlərin şüalanmanın yaratdlğı zədələnmələri ardan qaldıra bilmək qabiliyyətinə malik olması (radiasiya “zədələnmələrini” reparasiya edən sistemin “fəallaşması”) faktlarının kəşf olunması Radiobiologiya elminin ən böyük nailiyyətlərindən hesab olunur. Bunlar isə, ionlaşdırıcı şüalanmanın həm kənd təsərrüfatı heyvanlarının və müxtəlif bitkilərin zərərverici və parazitlərdən zərərsizləşdirilməsi, həm də bu şüalanma növünün seleksiya və mədəni bitkilərin məhsuldarlığının artırılması kimi praktiki işlərdə istifadəsinə şərait yaratmış olur.
Bundan əlavə, radiohəssaslığa dair müəyyən qanunauyğunluqların aşkar edilməsi və bu qanunauyğunluqların mexanizmlərinin aydınlaşdırılması müxtəlif orqanizmlərin radiasiyanın zərərli təsirindən mühafizə tədbirlərinin işlənib hazırlanmasına kömək edir.