Kitabda yeni dövrləşdirmə, hadisələrə, şəxsiyyətlərə fərqli, o cümlədən, metodoloji və rasional yanaşma, mahiyyəti real əks etdirən terminlər və sair yeniliklər öz əksini tapmışdır. Ana xətt olaraq Azərbaycan dövlətçiliyinin ən yeni tarix dönəmində bərpa olunması uğrunda mübarizə və fəaliyyət prosesi əks olunmuşdur.
Kitab orta və ali məktəblərdə dərslik, əlavə tədris vəsaiti kimi isti-fadə edilə, habelə, geniş oxucu dairələri üçün də maraqlı ola bilər.
Dünya tarixşünaslığında qəbul olunmuş yanaşmaya görə, ən yeni tarix Birinci Dünya müharibəsi ilə başlayır və müasir dövrə qədər davam edir. Mən də bu bölgü və dövrləşdirmənin şərtlərinə uyğun olaraq, Azərbaycanın ən yeni tarixinin başlanğıcını həmin yanaşmaya əsasən götürürəm. Yalnız bir fərqi nəzərə almalıyıq ki, Birinci Dünya müharibəsi əksər dövlətlər və millətlər üçün ən yeni dövrün başlanğıcını qoydu. Mən bu faktı qəbul edir, eyni zamanda hesab edirəm ki, Azərbaycan üçün də Birinci Dünya müharibəsinin gətirdiyi dəyişikliklərin əhəmiyyəti oldu, lakin əlamətdar, taleyüklü hadisə ölkəmizin qədim dövlətçiliyinin bərpa olunması, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması idi. Mən AXC-nin yaranmasını əsas tarixi hadisə kimi götürür, digər hadisələri, o cümlədən, Birinci Dünya müharibəsini əsas tarixi hadisədən asılı, köməkçi, əlavə amillər kimi nəzərdən keçirirəm. Azərbaycanın ən yeni tarixinin əsas, ana xəttini ölkənin qədim dövlətçiliyinin bərpa olunması uğrunda mübarizə, fəaliyyət təşkil edir. Tarix elmi haqqında ən müxtəlif yanaşmaları, anlayış və tərifləri nəzərə almaqla qeyd etməliyəm ki, Tarix ən qədim dövrdən bu günə qədərki fərd, xalq, millət, cəmiyyət və dövlətin fəaliyyətinin öyrənilməsi, ümumiləşdirilməsi, dəyərləndirilməsi haqqında elmdir. Bu prosesin əsasında faktların toplanması, sistemləşdirilməsi və obyektiv qiymətləndirilməsi dayanır. Tarix elminə modernləşdirmə, fəlsəfiləşdirmə və sair adlar altında təcavüzə ehtiyac yoxdur. Herodotla başlayıb, Musa Kalankatlı, Həsən bəy Rumlu, Abbasqulu ağa Bakıxanovla davam etdirilən tarix elmi yüz illərin sınağından çıxıb. Ona toxunmaq, təcavüz etmək yox, onun fədakar, dahi insanların əməyi ilə formalaşmış prinsiplərinə vicdanla, qərəzsiz, obyektiv yanaşmaq lazımdır. Bu baxımdan tariximizin istənilən dövrünə, o cümlədən, ən yeni mərhələsinə təftişçilik, hər şeyi inkar mövqeyindən deyil, düzgün metodoloji və rasional mövqedən yanaşmaq vacibdir. Metodoloji yanaşma dünyada istifadə olunan tədqiqat metodlarından, məsələn, diaxron (yunan dilində “vaxt, zaman üzərindən” mənasını verən bu sözlə ifadə olunan metod hadisələrə tarixi baxış bucağından yanaşmanı, hadisələrə həm tam, həm də tamın hissələri kimi baxmağı nəzərdə tutur), ideoqrafik (simvol və şəkillərlə fikrin bitkinləşdirilməsi), narrativ (hadisələrin ardıcıl şəkildə çatdırılması), tarixi-genetik (tarixilik prinsipinin əsas götürülməsi), tarixi-sistem (bütün tarixi hadisələrə bir tam kimi baxılması), tarixi-müqayisəli (fərqli və oxşar cəhətlərin nəzərə alınması), aktuallaşdırma (tarixi təcrübəni nəzərə almaqla hadisələrin mümkün inkişafının proqnozlaşdırılması), sinxronlaşdırma (eyni vaxtda müxtəlif ərazilərdə baş verən hadisələrin öyrənilməsi), retrospektiv (daha əvvəlki dövrün hadisələrinin sonrakı mənbələr əsasında dəyərləndirilməsi), statistik (kəmiyyət göstəricilərindən istifadə olunması), tipoloji (informasiya və hadisələrin xarakterlərinə uyğun olaraq tip və ya qruplara bölünməsi), xronoloji (hadisələrin mərhələlərlə, ardıcıl olaraq öyrənilməsi) və digər metodların tətbiqini nəzərdə tutur. Bu metodların tətbiqi zamanı tarix elminin həqiqət, konkretlik, tarixilik, mənbələrə istinad, tarixşünaslıq kimi prinsipləri əsas götürülür. Mən də bu metod və prinsipləri rəhbər tutmağa çalışmışam.