» » » Zakir Məhərrəmov - Verilənlər Bazası


Şeçilmişlər Zakir Məhərrəmov - Verilənlər Bazası

Zakir Məhərrəmov - Verilənlər Bazası PDF
ADI:
Verilənlər Bazası (1-2-ci hissələr -Ms Access-2010)
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
4.63 Mb
Verilənlər bazasının yaradılması proqramlaşdırmada ən çox ehtiyac duyulan sahələrdən biridir. Dərs vəsaitində verilənlər bazasının vacib nəzəri əsasları, Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması məsələləri ətraflı şərh olunmuşdur. Nəzəri məsələlərin şərhində əsas diqqət predmet sahəsinin informasiya– məntiq modelinin və cədvəllərarası əlaqələrin yaradılmasına yönəldilmişdir. Predmet sahəsi kimi tədris prosesi, anbar və futbol üzrə ölkə çempionatı götürülmüşdür. Kitabda ilk dəfə olaraq Delphi-də verilənlər bazasının yaradılması ətraflı izah edilmiş, verilənlər bazası cədvəllərinin yaradılması, Delph-də verilənlər bazası əlavələrinin yaradılması üçün BDE və ADO texnologiyaları izah edilmiş və müxtəlif üsullarla, o cümlədən, SQL dili ilə sorğuların yaradılması şərh edilmişdir. Əsas diqqət müxtəlif cədvəllər arasında əlaqələrin yaradılmasına və istinad tamlığının saxlanılmasına yönəldilmişdir. İlk dəfə olaraq İnstallShield Express proqramı ilə CD– qurma diskinin yaradılması texnologiyası izah edilmişdir. Dərs vəsaitinin fərqli xüsusiyyəti onun hamı tərəfindən başa düşülə biləcəyi bir dillə izah edilməsində və çoxlu sayda əyani misallarla müşayiət edilməsindədir. Bütün izahlar həm Ms Access 2010–da, həm də Delphi–də eyni bir predmet sahəsi – “Tədris prosesi” – cədvəlləri əsasında şərh olunmuşdur. Dərs vəsaiti həm kifayət qədər nəzəri biliklər əldə etməyə, həm də Ms Access 2010–da və Delphi–də verilənlər bazasını praktiki olaraq yaratmağa imkan verir. Kitab ilk dəfə verilənlər bazası yaratmaq istəyənlər üçün nəzərdə tutulmuşdur, lakin Delphi ilə minimum səviyyədə tanışlıq tələb olunur. Kitabdan tələbələr, magistrlər, doktorantlar və verilənlər bazalarını tədris edən müəllimlər istifadə edə bilərlər.
Müasir dövrümüzdə kompyuter texnologiyaları içərisində verilənlər bazasının (VB) layihələndirilməsi ən çox zərurət duyulan sahələrdən biridir. Xidmət sahələrində elə bir böyük təşkilat tapmaq mümkün deyildir ki, orada VB-dən istifadə edilməsin. Buna misal olaraq ölkəmizdə TQDK-nı, Azersell, Baksell operatorlarını, bütün bank sahələrini, şəhər infrastrukturlarını, aerovağzalı, supermarketləri və s. göstərmək olar. VB yaratmaq üçün kifayət qədər verilənlər bazasını idarəetmə sistemləri (VBİS) mövcuddur, hətta, Ms Excel ofis proqramı ilə də baza yaratmaq mümkündür. Lakin, VB ilə işləmək üçün Delphi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada yalnız VB cədvəlləri yaratmaqla kifayətlənilmir, həm də proqramlaşdırma metodlarından istifadə etməklə onların üzərində müəyyən əməliyyatlar aparmaq imkanı yaranır. Proqramlaşdırmanın imkanları isə qeyriməhduddur. Sizə təqdim edilən bu dərs vəsaitinin birinci hissəsində VB-nin layihələndirilməsinin nəzəri əsasları izah edilmiş, “Tədris prosesi”, “Anbar” və “Futbol üzrə ölkə çempionatı” kimi predmet sahələrinin informasiyaməntiq modeli tərtib edilmiş və müasir VBİS-lərin xülasəsi şərh edilmişdir. Kitabın növbəti iki hissəsində “Tədris prosesi” predmet sahəsinin Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması və bu baza üzərində müxtəlif əməliyyatların yerinə yetirilməsi izah edilmişdir. Ölkəmizdə VB-ə həsr edilmiş kitablar çox məhdud saydadır. Hesab edirəm ki, bu sahədə yazılmış ilk sanballı və tanınan kitab (hər hansı ali məktəbdə nəşr edilmiş və yalnız həmin məktəbdə istifadə edilən kitabların mövcudluğu haqqında məlumatım yoxdur) rəhmətlik professor Sabit Kərimov tərəfindən yazılmış kitabdır [17,18]. Həmin kitabda əsasən VB-nin layihələndirilməsinin nəzəri məsələləri şərh edilmişdir, VB-nin praktiki olaraq yaradılması məsələlərinə, demək olar ki, toxunulmamışdır ki, bu da verilənlər bazasını yaratmağı öyrənməyə yeni başlayanlar üçün çətinlik törədir. Ölkəmizdə yayılan digər dərs vəsaiti [19] isə, tamamilə bunun əksinə olaraq, Ms Access 2003-də VB-nin yalnız praktiki olaraq yaradılmasına həsr edilmişdir. Çoxillik pedaqoji fəaliyyətim ərzində tələbələr tərəfindən keçirilən belə bir narahatçılığı müşahidə etmişəm: onlar Ms Access-də cədvəli asanlıqla yarada bilirlər (mexaniki olaraq), lakin bazanın nə üçün məhz bu cədvəllərdən ibarət olduğunu qavraya bilmirlər, yəni informasiya-məntiq modelini tərtib edə bilmirlər. Kitabın birinci hissəsi məhz bu zərurətdən irəli gələrək yazılmışdır. İnformasiya-məntiq modelini, cədvəllərarası münasibətləri, istinad tamlığını və s. çox yaxşı başa düşmək üçün ən yaxşı vasitə Ms Access VBİS-dir. Ms Access-də VB-nin yaradılmasının digər əsas üstünlüyü ondadır ki, peşəkar olmayan, proqramlaşdırmanı bilməyən hər kəs bu vasitənin köməyi ilə VB yarada bilər. Kitabda əhatə edilən mövzular Ms Access-in nisbətən yeni versiyası olan 2010 versiyasında şərh edilmişdir. Kitabın yazılmasının əsas səbəbi isə üçüncü hissədir, yəni Delphi mühitində verilənlər bazasının yaradılmasıdır. Azərbaycan dilində Delphi-də VB-nin yaradılmasına aid heç bir kitab yoxdur. Bu ilk təşəbbüsdür. Delphidə proqramlaşdırma və verilənlər bazası yaratma vasitələri vəhdət təşkil etdiyi üçün o, çox güclü bir VB layihələndirmə vasitəsinə çevrilmişdir. Belə bir vasitə ilə VB layihələndirən kəslərin imkanları yalnız onların öz fantaziyaları ilə məhdudlaşa bilər. Lakin bütün bu imkanlardan yararlana bilmək üçün layihəçinin Delphi proqramlaşdırma sistemini bilməsi vacibdir. Əlbəttə, kiçik həcmli layihələri proqramlaşdırmanı bilmədən də yaratmaq olar, lakin peşəkar səviyyə üçün bu dili hökmən bilmək lazımdır. Delphi-də proqramlaşdırmanı öyrənmək üçün ilkin mərhələdə ən yaxşı vasitə olan [1,2] dərs vəsaitindən istifadə etmək olar. Oxucular kitabda daha bir yeniliklə rastlaşacaqlar. Kitaba ilk dəfə olaraq InstallShield Express proqramı daxil edilmişdir. Bu proqram vasitəsi ilə istənilən şəxsi proqram məhsulu üçün CD-qurma diski yaradan instalyasiya proqramı (setup.exe) yaradıb istənilən kompyuterə yükləmək olar. Dərs vəsaiti əsasən praktiki yönlüdür, bununla yanaşı orada çoxlu nəzəri suallara cavab tapmaq mümkündür. Hesab edirəm ki, kitabın fərqli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kitabda şərh olunan bütün izahlar eyni bir predmet sahəsi – “Tədris prosesi” üzərində qurulmuşdur. Bu həll edilmiş məsələləri asanlıqla qavramağa imkan verir və kitaba bir monolitlik gətirir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu monolitliyi pozmamaq xatirinə, mən bəzi vacib məsələləri əhatə edə bilməmişəm. Bunlardan ən vacibi VB-lərdə tətbiq edilən vaxt və tarix funksiyalarının kitaba daxil edilməməsidir. Kitabın birinci fəslinin tərtibatında yaxından kömək etmiş və dəyərli məsləhətlər vermiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Könül xanım Tahirovaya dərin təşəkkürümü bildirirəm. Həyatımın ən çətin anlarında mənə əvəzsiz kömək göstərmiş, gözlərimə yenidən nur bəxş etmiş Filatov adına Göz Xəstəlikləri İnstitutunun həkimprofessorları Levitskaya Qalina Vasilyevnaya və Qaydamaka Tatyana Borisovnaya (Ukrayna respublikası, Odessa şəhəri) sonsuz minnətdarlığımı bildirirəm. Nəhayət, bu kitabın yazılmasında böyük səbir göstərmiş, yaxından dəstək olmuş və mənimlə birlikdə istirahətdən məhrum olmuş həyat yoldaşım və qızlarıma dərin təşəkkürümü bildirirəm. Kitabın ilk təşəbbüs olması və çox böyük həcmli proqram texnologiyalarını əhatə etməsi onun çatışmazlıqlardan xali olmamasından xəbər verir. Kitab haqqında arzu və təkliflərini [email protected] ünvanına göndərən şəxslərə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Delphi kimi əhəmiyyətli bir proqramlaşdırma dilinin öyrənilməsində və onun əsasında verilənlər bazasının yaradılmasında Sizə uğurlar arzulayıram!