KitabYurdu » Kitab » Ədəbiyyat » Nicat Həşimzadə - İndulgensiya


Şeçilmişlər Nicat Həşimzadə - İndulgensiya

Nicat Həşimzadə - İndulgensiya PDF
ADI:
İndulgensiya
REYTİNQ:
  • +16
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016-cı il
ÖLÇÜSÜ:
405 Kb
Martin Lüterin dində islahatlar aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Papa X Leonun göstərişinə əsasən, bu "alverlə" Mayns arxiyepiskopu Albrext məşğul idi. Satışdan əldə olunacaq vəsait hesabına Romadakı "Müqəddəs Pyotr" kilsəsi tikiləcəkdi. Lüter indulgensiya satışına dair etirazlarını 31 oktyabr 1517-ci ildə "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asmışdır. Bu haqda xəbər tezliklə Papaya da çatmış və Lüter izahat üçün Romaya çağırılmışdır. Lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınmışdır. 1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 1520-ci ildə Papa rəsmən Lüteri dindən çıxarmış və bununla da, onun yeni məzhəb yaratmaq işini sürətləndirmişdir. O bu dövrdə yazdığı bir çox əsərlərdə dövləti dinin caynaqlarından qurtarmaq üçün kilsə daxilində islahat aparmağın vacibliyini vurğulamışdır. 1521-ci ildə Almaniyanın Vorms şəhərində keçirilən Reyxstaq iclasında yaydığı fikirlərdən imtina edib-etməməsi barədə ona verilən suala, o, belə cavab vermişdir: "Siz məndən sadə cavab istəyirsinizsə, mən onu sizə verərəm. Mən Müqəddəs Kitab və qəti dəlillərlə mühakimə olunmamışam. Mənim vicdanım Allahın əlindədir və heç nədən imtina edə bilmərəm. Çünki vicdana qarşı getmək mümkün deyil. Başqa cür edə bilmərəm, Allah mənə kömək olsun". Bu hadisədən sonra Lüterə qarşı "Vorms edikti" adlı sənəd qəbul edilmiş və o, kurfürst Fridrixin köməyi ilə Vartburq qəsrində gizlənməyə məcbur olmuşdur. O, burada da fəaliyyətini davam etdirərək, İncilin tərcüməsini başa çatdırmışdır. Bir müddət sonra Vittenberqə qayıdaraq, kilsədə aparılan islahatlarda fəallıq göstərmişdir.