KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Silvia Plat – “Gündəliklər” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Silvia Plat – “Gündəliklər” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Gündəliklər
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
Faciəvi həyatı və intiharı ilə tanınan Amerikalı məşhur şair və yazıçı Silvia Plat daha çox bioqrafik gündəlikləri ilə diqqətləri öz üzərinə çəkməyi bacarmışdı.
Mənim üçün indi yaşadığımız an sonsuzdur və sonsuzluq isə durmadan dəyişər, axar, əriyər. Həyat isə məhz bu andır. Keçib getdiyində  artıq ölmüşdür, amma hər yeni anda başdan başlaya bilməzsiniz. Ölmüş olana görə mühakimə etməyə məcbursan. Eynilə bir bataqlıq kimi… elə ən başından ümidsiz. Bir hekayə, bir rəsm biraz maraq yarada bilər, amma kifayət qədər deyil. Bu andan başqa heç bir şey gerçək  deyil, lakin mən əsrlərin ağırlığı altında boğulduğumu hiss edirəm. Eynilə indi mənim etdiyim kimi bir zamanlar, yüz il əvvəl bir qız yaşayırdı. İndi isə  ölüdür. Mən indiyəm, amma bilirəm, mən də köçüb gedəcəyəm. Zirvədə olan o an, qəfil bir parıltı gələr və səni alıb aparar, sonrası isə davam edən bataqlıq. Lakin mən ölmək istəmirəm.
Heç vaxt xoşbəxt  olmaya bilərəm, amma bu gecə halımdan razıyam. Boş bir ev, günəşin altında çiyələk şitilləri əkərək keçən bir günün isti və bulanıq yorğunluğu, bir stəkan soyuq su, şəkərli süd və kremə əlavə olunan bir qab dolu böyürtkənin yerini heç nə verə bilməz. İnsanların kitabsız, məktəbsiz necə yaşamağı bacardıqlarını indi başa düşə bilirəm. Uzun bir günün sonunda insan belə yorulduğu zaman yatmalıdır, ona görə ki, səhər şəfəq vaxtı hələ əkiləsi çox çiyələk şitili vardır; bax yaşamağa belə davam edərlər, torpağa yaxın bir şəkildə. Belə zamanlarda daha çoxunu istədiyim üçün tam bir axmaq olduğumu düşünmür deyiləm…
İlo çiyələk tarlasında “İntibah dövrünün rəssamlarını xoşlayırsanmı? Rafaeli ya da Mikelancelonu məsələn?” – deyə sual verdi. “Bir ara Mikelancelonun bəzi əsərlərinin sürətini köçürmüşdüm. Yaxşı, bəs Pikasso haqqında nə düşünürsən?.. O da ayaq deyə bir dairə və balaca bir taxta çəkən bu rəssamlardan biridir.” Çiyələk sıralarının arasında yan-yana işləyirdik, uzun vaxt tək kəlmə danışmır, sonra birdən-birə o, ağır almanlara xas olan  şivəsi ilə söhbətə girişirdi. Günəşdə yanan üzü gülümsəməkdən qırış-qırış olmuş halda dikəldi. Bəstə, əzələli bədəni də günəşdə qaralmışdı. Sarı saçlarını başına sarıdığı ağ bir dəsmalın altında toparlamışdı. “Frank Sinatranı xoşlayırsanmı?”  Necə də duyğusal, necə də romantik, eyniylə ay işığı dolu olan gecələr kimi.
Boş bir otağın döşəməsinə qəfil düşən mavi işıq. Mən bu işığın küçə lampasına deyil, aya aid olduğunu çox gözəl bilirdim. Belə bir gecədə bakir, təmiz, sapsağlam və gənc olmaqdan daha möhtəşəm nə ola bilərdi ki?…
Bu gecə isə bərbad idi. Hər şeyin vəhdəti idi. “Goodbye, My Fansy” tamaşasının qadın qəhrəmanı kimi bir müxbir olmağı uşaq kimi arzulamağın, mənə heyran olan, məni ən az özümü başa düşüyüm qədər anlayan bir adam tərəfindən sevilmə istəyinin birləşməsiydi. Həm də incə davranış üçün özünü məcbur edən, tək istədiyinin işi bitirmək olduğunu dediyimdə qəlbi qırılan Jack. Pulun çox olmasının hər yerdə gözə dəydiyi şəhər klubunda axşam yeməyi də var idi. Sonra bu musiqi….tam rəqs etməli. Louise Armstrong peşmanlığa bürünmüş bir səslə  “I’ve flown around the world in a plane, I’ve settled revolutions in Spain, The North Pole I have charted, but I can’t get started with you” sözlərini deməyə başlayan ana qədər o musiqi olduğunu başa düşməmişdim. Jack, “Əvvəllər bunu dinləmişdinmi?” – deyə soruşdu. Mənsə gülümsədim, ”Ah, əlbəttə.” Bobdul mənim üçün hər şeyi yerinə qoyan çılğın bir musiqi və uzun söhbətlərimizdi, məni dinləməsi və başa düşməsi idi və onu sevdiyimi bilirdim.
Bu gün avqustun ilk günü idi. Hava isti, bürkülü və nəmli idi. Yağış yağır. İçimdən bir şeir yazmaq keçir. Amma, rədd məktublarından birində nə yazdığını xatırlayıram: Leysan yağışından sonra, Yağış adlı şeirlər yağar ölkənin dörd bir yanından.

Bəzi şeyləri yazmaq çox çətindir. Başına bir hadisə gəldiyi zaman bunu yazmaq üçün oturursan, ya hadisəni dramatikləşdirirsən, ya da rolun haqqını vermirsən, ya da ki yanlış hissələri şişirdərək vacib olanları  göz ardı edirsən. Hər necə olsa da əsla istədiyin kimi yaza bilmirsən. Bu gün günorta başıma gələnləri bir yolla vərəqə tökməyə məcburam. Anama danışa bilməzdi mən azı bunu indi edə bilməzdim. Evə gələn zaman anam mənim otağımda idi, paltarları yığışdırırdı, lakin bir şeylər olduğunu hiss etmədi. Danlayır və deyinirdi. Yəni onu susdurub bir şey izah edə bilmədim. Necə görünürsə görünsün bunu yazmağa məcburam.
Fermada günortadan sonra bütün günü yağış yağdı. Naxışlı ipək bir şərfin altına gizlətdiyim saçlarım islanmış, üstümdə qırmızı sürüşkən pencəyim olsa da çox üşümüşdüm. Bütün günortanı paxlalarla işləmiş, üç kiloqram paxlanı qabığından ayırmağı bacarmışdım. Saat beş olduğu üçün insanlar artıq çıxıb gedirdilər, mən də evə yollanmaq üçün maşınların yanında gözləyirdim. Keti hələ təzə gəlmişdi, velosipedinə minərkən, “Bax İlo gəlir,” deyə səsləndi.
Baxdım, həqiqətən də orada idi. Başına bağladığı hər zamanki ağ dəsmalı və xaki rəngində olan köynəyi ilə bizə tərəf gəlirdi. Çiyələk tarlasında bir yerdə işlədiyimiz o gündən onunla ünsiyyətimiz yaxşı idi. Mənə fermanın bütün xırdalıqları və həqiqiliyi ilə qələmlə çəkilmiş bir rəsmini vermişdi..
İyul,1950.
Mənbə : Silvia Platın Gündəlikləri (The Journals of Sylvia Plath )