Dərs vəsaiti bakalavriat təhsil səviyyəsinin “Texnologiya müəllimliyi” və “Maşın mühəndisliyi” ixtisaslarının tədris proqramına əsasən tərtib olunmuşdur. Dərs vəsaiti “Avtomatikanın əsasları” fənnindən ali məktəb tələbələrinə kömək məqsədi ilə yazılmışdır. Dərs vəsaitindən ali məktəb tələbələri, kollec, litsey, peşə məktəblərinin müəllimləri və tələbələri də istifadə edə bilər. Dərs vəsaiti geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Avtomatika maşınların və sistemlərin insan müdaxiləsi olmadan işləməsini təmin edən texnologiyaları ifadə edir. Bu texnologiyalar, adətən sensorlar, idarəetmə sistemləri və proqramlar istifadə edilərək həyata keçirilir. Avtomatika, sənaye avtomatlaşdırmasının əsas komponentlərindən biri olub məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və insan səhvlərini minimuma endirmək məqsədi ilə istifadə olunur. Müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir. Avtomatlaşdırma mexanikləşdirmənin ən yüksək forması olub, insanın bilavasitə iştirak etmədiyi, lakin onun nəzarəti altında icra olunan istehsalat proseslərinin yerinə yetirilməsinə imkan verən cihazların, tərtibatların, maşınların tətbiqini nəzərdə tutur. İndi avtomatlaşdırma bütün istehsalata, yəni yeni məhsulun layihələndirilməsindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. Digər tərəfdən müasir istehsalat maşın və aqreqatların məhsuldarlığının artırılması və onun maya dəyərinin aşağı salınması ilə xarakterizə olunur. Elm və texnikanın qarşısında duran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaşdırılmasını, texniki səviyyəsinin yüksəldilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir. Avtomatlaşdırma istehsal proseslərinin nəzarət, tənzimləmə və idarəetmə funksiyalarını yerinə yetirən müxtəlif idarəetmə sistemlərinin yaradılması ilə bilavasitə əlaqədardır. Müasir istehsalatı xarakterizə edən amillərdən biri də ayrı-ayrı proseslər arasında çoxsaylı müxtəlif əlaqələrin olması və onların dəqiq ardıcıllığıdır. Fasiləsiz və axın istehsalatı, eləcə də ayrı-ayrı əməliyyatların böyük sürətlə icra edilməsi idarəetmənin insan tərəfindən praktiki olaraq yerinə yetirilə bilməyən cəld işləməyə, dəqiqliyə və obyektivliyə olan tələblərini daha da artırır. Yüksək keyfiyyətli məhsulun istehsalı praktiki olaraq texnoloji prosesin bütün əməliyyatlarına nəzarət edilməsini və lazım gələrsə, avadanlığın parametrlərinin cəld dəyişdirilməsini zəruri edir ki, bu da insan üçün mümkün deyildir və onun iştirakı olmadan yerinə yetirilməlidir. “Avtomatika” sözü yunanca “automatos” sözündən götürülmüşdür və “özü təsir edən” deməkdir. Avtomatik qurğular insan müdaxiləsi olmadan müxtəlif prosesləri idarə və nəzarət edən qurğulardır. İnsanın iştirakı olmadan müxtəlif prosesləri və obyektləri verilmiş rejimdə saxlaya bilən və ya insanın əmək fəaliyyətini yüngülləşdirən qurğular çoxdan məlum idi. İnsan sivilizasiya yarandığı andan bu günə qədər öz əl əməyini və həyat şəraitini yüngülləşdirən qurğular və vasitələr haqqında fikirləşir. İlk əvvəllər əl əməyini mexanikləşdirən müxtəlif texniki qurğular: linglər, mancanaqlar, ağır yükləri daşımaq üçün nəqliyyat vasitələri və s. ixtira olunmuşdur. Mexanikləşdirmə zamanı insanın iştirakı tam aradan qaldırılmasa da o, kütləvi əmək proseslərini yüngülləşdirmək üçün ən əlverişli vasitələrdən biridir. Avtomatlaşdırma müxtəlif əməliyyatları sürətlə və dəqiq icra etməklə əmək məhsuldarlığını və istehsalat mədəniyyətini yüksəldir, işçilərin sayını azaldır, istehsalatın əlverişli idarə olunmasını təmin edir.

