KitabYurdu » Kitab » Murad Köhnəqala Yuxularım


Şeçilmişlər Murad Köhnəqala Yuxularım

Murad Köhnəqala Yuxularım PDF
ADI:
Yuxularım
REYTİNQ:
  • -16
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
293 KB
Müəllif kitabdakı hekayələri “Yuxularım” adlandırsa da, təsvir olunan hadisələrin heç birini yuxuda görməmişdir. Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə edib. Tətbiq etdiyi metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün müəllifə geniş imkan yaratdı. Hekayələri oxuyarkən, real və mistik dünyanın insana qarşı qəddarlığını və onun iradəsinin qorxunc kosmik gücün hədəfində tənha və aciz olduğunu görəcəksiniz.
SƏNİN AYAQQABININ BAĞI
Gördüm, ikimiz də yol gedirik. Ətrafımızda uzun, zərif budaqlarını aşağı sallamış söyüd ağacları var. Yolun iki tərəfində təzəcə yarpaqlamış söyüd ağacları cərgələnib. Gördüm, sallanan söyüd budaqlarında xırdaca narıncı çiçəklər var. Hər tərəfdən bal arılarının vızıltısı eşidilir. Hərdən vızıltı səsləri insan danışığına çevrilir. Bu anlaşılmaz səslər sevdiyi işlə məşğul olan adamların şən danışıqlarını xatırladır. Gördüm, sənin belində məktəbli çantası var. Həm də sən məndən xeyli balacasan. Gördüm, birdən hardansa dəniz daşdı və getdiyimiz yola su qalxdı. Gördüm, su söyüdləri udur, özü də bu su yalnız bizim getdiyimiz yoldadı, kənara axmır. Biz söyüdlərin arasında mülayim axan dəniz suyunda üzürük. Söyüdlərin sallanan budaqları su altında dalğalanır. Biz budaqlardan tutub yellənərək üzəüzə harasa irəli gedirik. Gördüm ki, sənin belindəki bayaqkı kimi məktəbli çantası yox, oksigen balonudu. Gördüm, o balondan mənim də belimdə var. Hərdən sənin saçların söyüdlərin nazik budaqlarına dolaşır, mən üzə-üzə gəlib saçlarını oradan ayırıram. Bir də gördüm, biz iri dişləri olan açıq bir əjdaha ağzına doğru gedirik.
Mən səni tutub dayandırmaq istəyirdim, ancaq gücüm çatmırdı. Sular arxamızdan itələyərək ikimizi də həmin o nəhəng ağızın içinə itələdi. Sulara gücüm çatmadığına görə dəhşətə gəlmişdim. Suyun dalğası taleyin qüdrəti kimi bizi əjdahanın ağzına itələdi. Mən yardım kimi sənin yalnız əlindən tuta bilirdim. Biz suda fırlana-fırlana əjdahanın ağzına, ordan da bətninə doğru üzdük. Baxdım ki, burada çoxlu sayda dəniz heyvanları var. Müxtəlif bəzəkli balıqlardan tutmuş iynəli, qalxanlı canlılara qədər. Həm də əjdahanın qarnının hər iki tərəfində rahat oturacaqlar vardı. Biz oturacaqlarda yanaşı oturaraq düşünürdük ki, görəsən, bu işin axrı necə olacaq. Sən mənə sığınaraq ətrafda üzüşən canlıları göstərib belə deyirdin: “Bunlar xoxulardı. Xoxu, mən onlardan qoxu!” Mən də səni sakitləşdirirdim. Ancaq hiss edirdim ki, getdikcə bu ziyansız dəniz heyvanlarına öyrəşirik, artıq sən də qorxmursan....