KitabYurdu » Məqalə » Nizami Gəncəvinin əsərlərində təbiət (kainat) hadisələri


Şeçilmişlər Nizami Gəncəvinin əsərlərində təbiət (kainat) hadisələri


Nizami Gəncəvinin əsərlərində təbiət (kainat) hadisələri
 
Mirnamik Bəşirov
 
Bakı Dövlət Universiteti, Nəzəri fizika kafedrası
 fiz.ü.f.d., dosent, [email protected]  
 
 
Nizami Gəncəvi möhtəşəm bir dövrdə yaşayıb yaratmışdır: Böyük Eldənizlər-Azərbaycan Atabəylər dövlətinin Şəmsəddin Eldəniz  (1136-1175, paytaxt   Naxçıvan), Məhəmməd Cahan Pəhləvan (1175-1186, paytaxt Həmadan), Qızıl Arslan (1186-1191, Təbriz),  Nüsrətəddin Əbu Bəkr (1191-1210), Müzəffərəddin Özbək (1210-1225) kimi  düşmənlərinə göz dağı verən, dövlət quruculuğunda böyük işlər görmüş, mədəniyyətin, ədəbiyyatın inkişafında  rol oynayan hökmdarların dövründə yaşayan şair bütün məsuliyyəti ilə düşündüklərini yazıb qoymaqdan qorxmamış, təbiət hadisələri, kainat haqqında düşündücə və fikirlərini çox xoş bir tərzdə miras qoymuşdur. 
XII əsri Azərbaycan tarixinin qızıl dövrü adlandırmışlar. Bu qızıl dövrün tacının ən parlaq incisi də Şeyx Nizami Gəncəvidir (əsl adı İlyas ibn Yusif). Nizami Gəncəvinin poemalarından hər biri mükəmməl və təkrarsız sənət nümunəsidir. İsa Həbibbəyli Nizami Gəncəvinin əsərlərini, onun dühasını gözəl vəsf edir: “Sirlər xəzinəsi” -zəngin şeir və hikmət dəfinəsi, “Xosrov və Şirin” - eşqin hakimiyyətinin ibrətamiz dastanı, “Leyli və Məcnun” - “Romeo və Cülyetta”dan çox çox əvvəl doğulmuş dahiyanə romantik məhəbbət macərası, “Yeddi gözəl” - özəl sənət və mənəviyyat dünyası, “İskəndərnamə”      - Azərbaycan ədəbiyyatının Platon Akademiyası, “İqbalnamə” - Aristotelin “Ritorika”sı, “Şərəfnamə” isə  - “Poetika”sı kimi əbədi ölməzlik qazanmış böyük sənət abidəsidir. (Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı, http://science.gov.az/news/open/16796"Azərbaycan" qəzeti 29 aprel 2021, Azərbaycan ədəbiyyatının dünya gözəli)
Min ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu incinin parlaqlığı, nuru zərrə qədər dəyişməmiş, azalmayıbdır. Nədən? Gəncəvi bunu özü çox gözəl ifadə edib:                  
           İnci tək sözlər seç, az danış, az din. Qoy az sözlərinlə dünya bəzənsin.
          Az sözün inci tək mənası solmaz, çox sözün kərpic tək qiyməti olmaz.
Elmə təhsilə, biliyə böyük qiymət verən şair deyir:
          Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz
          Hər uca zirvədən biliniz fəqət.  Alimin rütbəsi ucadır əlbət.
Nizami Gəncəvi öz dövrünün böyük alimi, təbiətşünası, astronomu, özündən əvvəlki biliklərin ensiklopedik varisi idi:
          Dünyada nə qədər kitab var belə.  Çalışıb əlləşib gətirdim ələ.
          Oxudum, oxudum sonra da vardım. Hər gizli xəznədən bir dürr çıxardım.
Şərq aliminin, mütəfəkkir, şair və yazıçılarının əsas üstünlüklərindən biridə onların sözü təqdim etmə bacarıqları, fikri gözəl sözlərlə, anlaşılan şəkildə bir harmoniyaya uyğun olaraq duyğulandıran formada ortaya qoymaqlarıdır. Şahlara, hökmdarlara təqdim olunan bu əsərlər həm elmiliyi, hadisələrin şərhinin anlamlı olması, sözlərin hökmü və eyni zamanda qarşıdakının statusuna xələl gətirməməklə incə, səlis bir şəkildə verilməli idi. Bu işlər çox böyük ustalıq və bacarıq tələb edirdi. Bunun üçün yazar hər tərəfli biliyə malik olmalı, ona qədərki bütün biliklər sistemin ilə tanış olmalı, onların müsbət və mənfi tərəflərini bilərək nəticələr çıxarmaq və bu nəticələri bədii şəkildə vermək bacarığına malik olmalı idi. 
 Dahi Nizami dəqiq elmlər içərisində ən qədim elm olan astronomiya ilə yaxından maraqlanmışdır. Bu da o səbəbdən irəli gəlirdi ki, qədimdə xalqlar, xüsusən əkinçilik və maldarlıq təsərrüfatı ilə məşğul olduqlarından fəsillərin dəyişməsi ilə əlaqədar olan vaxtın qabaqcadan dəqiq müəyyən olunmasını onlar üçün vacib məsələlərdən biri hesab edirdi. Məsələn, misirlilər üçün Sirius ulduzunun yeni ildə ilk görünməsinin çox böyük əhəmiyyəti var idi. Belə ki, bu ulduzu müşahidə etməklə Günəş ilinin uzunluğunu təyin edir, ölkə təsərrüfatında həlledici amil olan Nil çayının daşma vaxtı qabaqcadan dəqiq müəyyənləşdirilirdi. Qədim Misir, Çin, Yunanıstan, Babilistan, Hindistan və başqa ölkələrdə astronomiya elminin inkişafı zəruri hal almışdı. Astronomiyanın inkişafı insanların göy cisimlərinə olan marağını artırır, ulduzlar aləminin sirlərini öyrənməyə istiqamətləndirirdi. Xalqların bu istəyi və tələbindən qidalanan Nizami Gəncəvi astronomiya, fizika, riyaziyyat elmləri ilə maraqlanmış, onların qanunauyğunluqlarını öz əsərlərində təsvir və şərh etmişdir. 
Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində həm öz sözü ilə, həm də yaratdığı obrazların dili ilə deyilən bir çox misralarında göy cisimlərini, xüsusən zodiak bürclərini, eləcədə Ptolomeyin geosentrik sistemini mükəmməl bildiyinə görə onu belə şərh etmişdir. 
Sərətanın tacını, Cövzanın kəmərini
Peşkəş aldı, bəzəsin deyə öz səfərini;
Saçlarına təravət alıb, Xuşə get-gedə,
Sünbülənin bürcünü çəkib atdı Əsədə.
Geçəsinin qədrini bilməyi edib arzu,
O, geçə ölçən Zöhrə aldı ələ tərazu.
Bu göydəki Əqrəbin quyruğuna əlilə
Süsənbərə oxşayan padzəhr tökdü belə.
O, kamandan atılan məharətli ox oldu,
Məclisində süfrədən zəhər birdən yox oldu.
Dəlv də Yusif kimi, aləmə işıq düzdü,
Hudda gizlənən Yunis, döl kimi suda üzdü.
Sürəyyasa Həməldən öz taxtına oturdu,
Çiçəklərin ordusu səhrada çadır qurdu.
 Burada Həməl (Qoç), Sur (Buğa), Cövzə (Əkizlər), Sərətan (Xərçəng), Əsəd (Şir), Xuşə və ya Sünbülə (Qız), Mizan (Tərəzi), Əqrəb, Qövs (Oxatan), Cədey (Oğlaq), Delv (Dolça) və Hut (Balıq) bürclərini ifadə edir. Ptolomey sisteminə əsasən Günəş və Ay da planet hesab olunurdu, ona görə də həmin dövrdə planetlərin sayı 7 qəbul edilmişdir. Nizami Gəncəvi bunu belə şərh edirdi:
 Yeddi qat içində nə var binadan. Min alqış ona ki, Odur yaradan.
         Bu fikir “Şərəfnamə”də keçir: Yeddi firuzəli bu qəsrdə sən,
             Haqqa,  ədalətə vüsət vermisən.
“İskəndərnamə” əsərinin ən maraqlı hissələrindən biri “İskəndərin yeddi yunan filosofu ilə xəlvətə çəkilməsidir”. Həmin filosoflar bunlardır: Ərəstun (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuruyus (Porfiriy, suriyalıdır, əsl adı Məlikdir, yunanca təhsil almış, əsərlərini yunanca yazmışdır), Əflatun (Platon) və Hörmüs (bütün elmləri icad etmiş xəyali bir şəxs). Yeddi filosofun fikirlərini bir araya toplayan Nizami planetlərin hərəkət təsəvvürləri və Kainatın yaranması haqqında İskəndərin alimlərlə mübahisəsində birinci sözü Aristotel deyir. Aristotelə görə ilk əvvəl bir hərəkət mövcud idi, sürət həmin hərəkəti iki yerə bölür:
 
Əvvəl vardı ancaq tək bir hərəkət,  Onu iki yerə ayırdı sürət,
Bu iki hərəkət gəlib bir yerə, Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə, Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən, Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr, Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı, “Hərəkət eyləyən cisim” oldu adı.
 
Yerdən fərqli olaraq, göydə ən mükəmməl cisim sferadır, ən mükəmməl fiqur dairədir, ən mükəmməl hərəkət “müntəzəm dairəvi” hərəkətdir. Ona görə də Nizami əsərində əvvəl planetlərin hərəkətinin “müntəzəm dairəviliyinə”, sonra planetlərin hərəkətlərinin müxtəlif sürətlərə və  “müntəzəm dairəvi” hərəkətlər çoxluğundan ibarət olduğunu və nəhayət, geosentrik sistemin şərhini vermişdir.
Fales dünyanın ilk cövhəri su olduğunu deyirdi: onun fəlsəfəsinə görə suyun hərəkətindən - buxarlanmasından buludlar yaranmış, buludla-bulud, buludla-ağac arasında su hissəciklərinin hərəkət və sürtünməsindən ildırım və od əmələ gəlmişdir. Od isə havada yana bildiyi üçün hava əmələ gəlmişdir. Su qatılaşdıqda isə buza çevrilmişdir:
 “Sudan bu kainat yarana bilməz   - Deyə inkar etmək istəsə hər kəs,
   Nütfəni bir anlıq qoy salsın yada   - Sözümə sübutdur, dəlildir o da”.
Bəlinasın dili ilə Nizami belə deyirdi:
         “Onlardan birinci- işıqlı oddur,  Dünyanın ən yüksək tağı da odur.
            İkinci - küləkdir, hərəkətdədir,  Hərəkət etməzsə bilinməz nədir.
               Üçüncü - sudur ki, təravət verər,  Hər şeyə təzəlik, lətafət verər.
                  Dördüncü - torpaqdır tapdayır əyyam,  Tapdanan köksündən toz qalxır müdam”.
Nizaminin əsərlərində öz dövründə elmi əsasları müəyyən olunmuş fiziki anlayışlar da yer tapmışdır. Onun “Sirlər xəzinəsi” əsərində aşağıdakı misralara nəzər yetirək:
 Günəş qalxan atarkən, üfüqlər qanla doldu,   Yer suya qalxan atdı, sular kölgəli oldu.
Burada Nizami Günəşin çıxıb –batması (hərəkəti) ilə əlaqədar üfüqün qırmızı rəngə boyanmasını, səmanın mavi rəngdə olmasını, onun kölgəsinin sulara düşməsini, suya düşən işığın qayıtmasını təsvir etməklə işığın düzxətli yayılmasını, səpilmə xassəsini, atmosferdə düşən işığın rənglərə ayrılmasını məcazi formada ifadə etdiyini göstərmişdir. 
“Yeddi gözəl” əsərində deyilir: 
          Dəmir çoxda ki, incədir, başdır. Getdiyi yol ki var maqnitli daşdır.
 Nizami burada, dəmir qılıncın nə qədər iti və zərif olmasına baxmayaraq getdiyi yolda maqnit daşı qılıncı (dəmiri) cəzb edib qaldırmağa imkan verməyəcəyini göstərir. Digər tərəfdən, Nizami öz iti qılıncına arxalanan insanların əl-qol açmasına yol verməyən ictimai mühiti göstərmək üçün “maqnitin cazibə qüvvəsi” anlayışından məharətlə istifadə və cazibə qüvvəsi haqqında məlumatlı olduğunu qeyd edir.
Nizami poemaları vasitəsilə Qədim Yunan filosoflarının elmi-nəzəri tədqiqatları və ideyaları ilə tanış etmiş, bir növ Şərq elmi fikrini, Şərq alimlərinin elmi tədqiqatlarını müəyyən istiqamətə yönəltmişdir.
Sokratın cümləsi ilə şərh edir: "İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər."
 “Maqnit olmasaydı eşqin əsiri,  çəkməzdi özünə dəmir zənciri, 
   Kəhrəbanın eşqə düşməsə canı,  elə cəzb etməzdi quru samanı, 
  Dünyada gövhər var, daş var nə qədər, onlar nə bir saman, nə dəmir çəkər”
Burda cisimlərin maqnit xassələri açıqlanır, ferro, dia və para maqnitlər, yüklü və yüksüz cisimlər  hazırda adlandırdığımız şəkildə olmasada, fərqli kimi cisimlər   göstərilmiş, onların maqnit qarşılıqlı təsiri dövrün bilikləri əsasında verilmişdir.  
Nizami cisimlərin elektriklənməsi, elektrik və maqnt sahələrinin vəhdətinin mahiyyəti “Xosrov və Şirin” əsərində belə bildirir:
  Belədir dağların dönməz ilqarı,   daşa basir ona kəc baxanları.
  Düşmənin boğazı maqnitə bənzər,  oxun nizəsini özünə çəkər.
Maqnit metal əşyaları özunə cəzb edir. Lakin onların içərisində ən güclü cəzb etdiyi dəmirdir. Günəş küləyində zərrəcikləri və maqnit sahəsi bir cəm olaraq yayılır, onların vəhdət halında hərəkətini yaradır. 
Kainat cisimlərinin ümumi bir xassəsini – cazibə qarşılıqlı təsirdə olmalarını Nizaminin çox mühüm görüşlərindən çox-çox sonra, XVIII əsrdə İsaak Nyutonun adına yazılmış ümumdünya cazibə qanunu ilə bağlı olan təsəvvürlərdir. Nizaminin cisimlər arasında cazibə xarakterli qarşılıqlı təsirin olmasını bildirən ifadələrindən:
                  Göyə doğru əgər çox qalxırsa su,   yenə torpaq olar ən son arzusu”. 
                  Kainatda hər şey cəzbə bağlıdır,  filosoflar bunu Eşq adlandırır.
Eşq dünyanın ümumi bir xassəsi kimi, varlığını təsdiq edən sübut kimi, mövcudluq şərti kimi qarşı qoyulur. 
   Şeyx Nizami Gəncəvi  Biruni, Fərabi, Ömər Xəyyam və başqa Şərq mütəfəkkirlərinin görüşlərinə istinad edərək bütün kainatın tabe olduğu ümumdünya cazibə qanununu şer dili ilə vermiş, əsaslandırmış, planetlərin və göy cisimlərinin məhz bu qanuna tabe olduğunu göstərmişdi. Nizami "Xosrov və Şirin" poemasında heç bir müəmma olmadan, tam çox açıq şəkildə yazmışdı:
                            "”Hər şey Kainatda cəzbə bağlıdır". 
     Hər şey Kainatda cazibəyə, cazibə qüvvəsinə tabedir. Bu fikir Kainatda bütün varlıqlar bir-birini cəzb etdiyini, gördüklərimizin isə cazibənin təzahürü olması deməkdir. Misrada Kainat sözü çox mühümdür, çünki hadisənin təkcə Yerdə yox, Yerə yaxın məkanda yox, bütün Kainatda olmasını, bütün cisimlər arasında olduğunu bildirir. Belə çıxır ki, bir sıra mütəfəkkirlərimizin Nizami Gəncəvinin əsərlərinə sadəcə bədii əsər kimi yanaşmağımız heçdə doğru deyil. Onlara elmi əsər, bu və ya digər fiziki, təbiət hadisələrinin şərhi kimi yanaşmağımız lazımdır. Bu və bu kimi fikirlərin sonradan digərlərinin özünkiləşdirməsinə şərait yaratmamaq üçün Nizami və Nizamikimilərin əsərləri dərindən tədiq olunmalı, əsərlərdə olan faktlar, onların verilməsi, izahı, əlaqəsi göstrilməlidir. Bu əsərlər adi həyatı hadisələrin, təkcə iki nəfər arasında olan sevgi tarixçəsini canlandıran yazı deyildir. Bu əsərlərdə hökmdarın dannağı, şairi hər vəclə gözdən salmağa çalışanların baxışı və tənəsi, əksəriyyətin savadsızlığına, günü -günə calayııb yaşayanların qarşısında yazıb yaratmaq, onların bütün bunların təkzib edə bilməyəcəyi bilə -bilə bildiklərini anlatmaq, başa salmaq, özündən əvvəlkilərə böyük hörmətlə yanaşaraq qələmə almaq yalnız dahilərə xas xüsusiyyətdir.
Şair, mütəfəkkir “Leyli və Məcnun” əsərində yazır:
           “Yerin hüdudundan o tərəfdə də..   buludlar fələklər qarışır yenə,
           Onlar bir-birinə sarılmış bərk-bərk,  Hamısı tor kimidir gəzir kürə tək.
            Bu kürə şəklində yalnız Yer deyil, Hər xətt hərlənir, yuvarlaqdır bil...
Yerin kürə formasında olmasını, fırlanmasını hələ Qalileydən çox-çox il əvvəl söyləmiş olan Nizami Gəncəvi kainatın fırlanmasına da işarə vermişdir. Maraqlı odur ki, kainatın fırlanmasının kəşfi 1927-ci ildən Holland astronomu Oort adına yazılır. 
 Nizami isə XII əsrdə  şerin dili ilə Yerin fırlandığını göstərmişdir. Yalnız  Yer kürəsinin yox, kainatda olan bütün göy cisimlərinin fırlanma hərəkətində olduğunu söyləmişdir. Gördüyümüz düzxətli hərəkətlərin belə hansısa böyük bir dairəvi hərəkətin bir hissəsinin olduğunu iddia edir. Əsas hərəkət kimi əyrixətli hərəkəti götürür. Bu isə istənilən yüklü zərrəciklərin və digər cisimlərin bu və ya digər qüvvənin təsiri ilə əyri xətli hərəkət edəcəyini bildirir. Diqqətə çəksək fəza zaman müstəvisinin belə əyri olduğuna işarədir.
Nizami optik hadisələrə, işığın dispersiyası mövzusuna toxunub. Bildiyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada, atmosferdə səpilir və spektrə ayrılır. Göyün üzü mavi rəng alır.
Böyük filosof Nizami bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır. Sonradan bu Nyuton tərəfindən öyrənilmiş, onun adına yazılmışdır. 
   Səma saflığında gümüş qədər ağ.   Günəş kimi təmiz gün kimi parlaq.
   Gündüzün işığı ağlığındadır, Ayın yaraşığı ağlığındadır.
   Rənglər sünidir dünyada bir ağ. Bilməyir sünilik, bilməyir boyaq.
Təbiət elmlərinə və göy mexanikası qanunlarına böyük maraq göstərən, təcrübəni elmi sübutun təməl prinsiplərindən hesab edən Nizami Gəncəvinin bu bilgiləri məhz poeziyada tətbiq etməsi, maddi imkanı olduğu halda, dövrün mühüm elm və mədəniyyət mərkəzləri olan Bağdadda, Hələbdə, Qahirədə təhsil ala biləcəyi halda öz doğma şəhərindən qırağa çıxmaması bir şəxsiyyət kimi onun daxilən səbatlı, dayanıqlı olmasından, mühafizəkar meyllərindən xəbər verir.
Nizami ciddi diskussiyalara səbəb ola biləcək empirik fikirlərini poetik obrazlarla pərdələyir, bununla da özünü mümkün mənəvi, bəzəndə fiziki hücumlardan qoruyur, sığortalayırdı. Nizami heç zaman başını hökmdarların qılıncı altına verməyib.
Sonda Nizami Gəncəvinin şerindən bir misraya yazdığım seri təqdim edirəm: 
Maqnit olmasaydı Eşqin əsiri, çəkməzdi özünə dəmir zənciri.
Olmasaydı utandırmaq  niyyəti, yetirməzdi ona, yarpaqlı bir ənciri.
Maqnitdə cisimlər aşkar etdi bu xisləti. Danışıb, məşvərət, razılaşdılar xəlvəti,
Bir an içində göz görəsi hər təfərə doldular,   Kainatın bitəcəkmi genşlənmək şəhvəti. 
Cazibə deyib bir tələdə qurdular, Birləşib maqnitlə, hələ əlbirdə oldular.
Əsir etdi sevəni, saldı onu zəncirə, Sevəni dəyişdi, möhtac etdi əncirə
Bəzisi hə dedi, qaçaqkən ağuşuna. Bəzisi naz etdi, da inkar etmədi.
Qalanı üz döndərib, arxa çevirdi, Bəraye ehtiyat, heç sözdə etmədi.
Eşqdir çəkər imtahana, verər cəfanı, Maqnitdə dəyişdi, qalmadı biganə buna.
Əslən sevməkdirmi  onun niyyəti? Maqnitə qarşı çatacaqmı hiyyəti.
Ətrafda nə var zəncirdə ikən, tək sevgisizkən dolaşanda var.
Qalmayıb biganə min sevgi ilə, atılıb, boynuna sarmaşanda var.
Sayları çoxaldı, artdı hörməti, çatdı qəddi həddə, verdi izzəti.
Sonda doymaq bilməz, hey istər yenə, qalar  sümükləri, verər tün əti, 
Dözə bilməz, çatlar, itirər son ləzzəti.
Maqnit olmasaydı da eşqin əsiri, görünməz etməzdilər digər sevgini.
Ulduzlar verməyəcək amma, bu sirri, Yer üz döndərib, arxa çevirdi, 
Göründü sevgilər, dərd qəmləriylə.
Düşündük sevgi söhbəti düz olar hərgah, Yanlışlıq məkanın xislətindədir.
Zaman baş qaldırıb, qurur hissiylə: O, həmdə mənim niyyətimdədir!
Hərə öz dilində, öz ahəngində, kaş bu iki şıltaq edəydi biət,
Gözləmə, kainat bu halə durmaz. Sən sakit dursan, cümlə yoxam, mən ölərəm
Tələssən, edib fəryad mən arxanca gələrəm, 
Maqnitdə eşqə məhəbbət varkən, tanımaz sevgini sakit durunca,
Digəri hər dəfə fəryad edərkən,  ayrılmaz bir can olur, tükü yanınca..
Bir- birini  görəməz ki onlar..... nədən bəs qurmuşlar hiyləni erkən.......
Nə görürük, tabe olar bu nəzmə, görünməyənlərdə tabedirlər bir əzmə.
Əlimizdə dəftər qələm olsada, düşündüklərimiz getməyəcəkdir həzmə.
Eşq ilə sevgi oynu olmadan,  gedəcəyik, ömrümüzdən doymadan.
Maqniti göstərib Eşqin əsiri,  Allahdan istərik Eşqə nəsiri.
Yaşayaq biz, gül tək solmadan, yaşamaq mümkünmü aşiq olmadan?!
 Nizami Gəncəvinin elmi, əxlaq və pedaqoji,  təbiətşünaslıq və astronomik, kosmoloji və astroloji fikir və nəticələrini gözəl təqdim etmək bacarığı, elmi və astronomik düşüncələrinin bu günki elm tərəfindən təsdiqini tapması, onu təkcə gözəl söz ustadı olmasını təsdiqləməklə yanaşı   təbiətşünaslıq və astronomiya üzrə o dövrədək məlum və təkminləşdirmiş olduğu elmi biliklərini təqdim etməyi bacarmış əsrinin böyük filosofu, elm adamı, astronomu, pedaqoqu, psixoloqu, politoloqu adlandırsaq səhv etmərik. Nizami dövrünün astronomodur, təbiətşünasıdır, natural fəlsəfənin banilərindən biridir. Şeyx Nizaminin əsərləri bütün sahələr üzrə tədqiq olunmalı, buna ramən Şərq aləminin üstünlükləri, Şərq alimlərinin özəllikləri, Şərqin mədəniyyəti tədqiq və təbliq  olunmalı,   göstərilməlidir. 
Məqalə Azərbaycan Astronomiya Jurnalının Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar xüsusi buraxılışında dərc olnmuşdur: M. M. Bashirov, “Natural (universe) phenomena in the works of Nizami Ganjavi”, AJAz: 2021,Special Issue 49-57
Qonaq Türkan Beyler
Eser başdan sona qeder möhteşemdi,tariximizin bucüre zengin olduğunu sübut eden en deyerli eserlerden birdir deye bilerem👏👏👏👏
  • 12 fevral 2022 10:30
  • Status: