» » » Verilənlər bazaları (ADO texnologiyası ilə müdaxilə)


Şeçilmişlər Verilənlər bazaları (ADO texnologiyası ilə müdaxilə)

Verilənlər bazaları (ADO texnologiyası ilə müdaxilə) PDF
ADI:
Verilənlər bazaları (ADO texnologiyası ilə müdaxilə)
REYTİNQ:
  • +6
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
2.74 mb
Dərs vəsaiti müxtəlif verilənlər bazalarına ADO texnologiyası ilə müdaxilə üsullarının öyrədilməsinə həsr edilmişdir. Kitabda ADO mexanizmi və Delphi və Visual Studio C# dillərində mövcud olan ADO komponentləri və SQL sorğu dili ətraflı izah edilmişdir. Ms Access, Paradox, Excel və Microsoft SQL Server-də yaradılmış verilənlər bazalarına ADO texnologiyası ilə Delphi və Visual Studio C# proqramlaşdırma dillərindən qoşulma metodikası nümayiş etdirilmiş və həmin bazaların cədvəllərinin istifadəsi ilə əlavələr layihələndirilmişdir. Bu məsələni həll etmək üçün Ms Access 2010 və Microsoft SQL Server-də verilənlər bazasının yaradılması və, habelə, SQL sorğu dili əhatə edilmişdir.
Verilənlər bazası (VB) – predmet sahəsinin obyektlərinin strukturunu və əlaqələrini əks etdirən və kompyuterin yaddaşında saxlanılan müəyyən qarşılıqlı əlaqəli verilənlər yığımıdır. Predmet sahəsi – əsas göstəricilərini VB–də əks etdirmək istədiyimiz real dünyanın bir hissəsidir. Predmet sahəsi sonsuzdur və həm çox zəruri, həm də az əhəmiyyət kəsb edən anlayış və verilənlərdən ibarətdir. Predmet sahəsi kimi tədris prosesini, bankların fəaliyyətini, anbarları, arxivləri və s. göstərmək olar. Predmet sahəsinin modeli – predmet sahəsi haqqında biliklərimizdir. Belə biliklər ekspertin beynində qeyri–formal biliklər şəklində və ya hər hansı vasitə ilə formalaşdırılmış şəkildə ola bilər. VB layihələndirildikdə predmet sahəsinin modelini xüsusi qrafik təsvirlə ifadə etmək daha səmərəli olur. Predmet sahəsini təsvir etmək üçün çoxlu metodlar mövcuddur. Verilənlər bazasının əsas anlayışlarından biri informasiyadır. İnformasiya dedikdə hər hansı hadisə, proses, obyekt haqqında istənilən məlumat başa düşülür. Verilənlər – informasiyanın dialektik tərkib hissəsi olmaqla, adətən, nitq, mətn və əyani informasiyaya xas olan adi sərbəst strukturlu informasiyadan fərqli olaraq, daha ciddi, xüsusi formada təsvir olunmuş informasiya növüdür. Belə təsvir forması verilənlərin toplanılmasını, saxlanılmasını avtomatlaşdırmağa imkan verir və sonradan bu verilənlər adamlar və ya informasiya vasitələri ilə emal edilir. Kompyuter texnologiyasında verilənlər – kompyuterdə saxlanmaq, emal olunmaq və habelə əlaqə kanalları ilə ötürülmək üçün rahat formada diskret və qeyd olunmuş informasiyadır. Bəzi hallarda “verilənlər” anlayışını “məlumat” anlayışı ilə əvəz etməyə cəhd olunur, bu tamamilə yanlış bir mülahizədir. VB layihələndirildikdə verilənlərin əsasən aşağıdakı tiplərindən istifadə edilir:  ədədi xarakterli;  simvol və ya hərf–rəqəm;  vaxt və tarix;  mətn;  ikilik;  hiperistinad. Verilənlərin məntiqi – predmet sahəsinin anlayışlarını, onların qarşılıqlı əlaqələrini və habelə, verilənlər üzərinə qoyulan məhdudiyyətləri təsvir edir. Verilənlərin fiziki modeli dedikdə verilənlərin məntiqi modeli yaradıldıqda hər hansı bir verilənlər bazasını idarəetmə sistemində qəbul edilmiş formada verilənlərin cədvəllərlə təsviri, atributların cədvəl sütunları ilə təsvir edilməsi, açar atributlar üçün unikal indekslərin yaradılması və s. başa düşülür. Verilənlər bazalarını idarəetmə sistemləri (VBİS) – VB yaratmaq, bazanın verilənləri üzərində müxtəlif axtarış, sıralama, yeniləmə, sorğu və s. kimi əməliyyatları yerinə yetirməyə imkan verən proqram vasitələri kompleksidir.