KitabYurdu » Kitab » Dərslik » Saleh Məmmədov, M. Sadıqov - Maliyyə, dərslik


Şeçilmişlər Saleh Məmmədov, M. Sadıqov - Maliyyə, dərslik

Saleh Məmmədov, M. Sadıqov - Maliyyə, dərslik PDF
ADI:
Maliyyə
REYTİNQ:
  • +42
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
5.38 mb
Hər bir ölkənin iqtisadi və sosial inkişafında maliyyə elmi mühüm rol oynayır. Bazar iqtisadiyyatı maliyyə-dəyər münasibətləri üzərində qurulduğundan indiki şəraitdə bu məsələ daha da aktuallaşır. Qeyd edək ki, Azərbaycanda maliyyə elmi tarixən zəif inkişaf etmişdir. Bu, həm ölkə daxilindəki başqa elm sahələri ilə, həm də digər ölkələrlə müqayisədə aydın görünür. Iqtisadiyyatın inkişafına maliyyə elminin və bütövlükdə maliyyə münasibətlərinin zəif inkişafı da mənfi təsir göstərir. Bu boşluğu qismən doldurmaq üçün 1997-ci ildə "Maliyyə" adlı kitab (dərslik) yazıb çap etdirmişdik. Həmin vaxtdan keçən müddətdə müəyyən dəyişikliklər baş vermiş, mütərəqqi fikirli alimlər yetişdirilmiş, iqtisadiyyatın inkişafı ilə maliyyə elmi də xeyli inkişaf etmişdir və buna görə də yeni, daha mükəmməl dərslik yazmaq zərurəti yaranmışdır.
Təqdim olunan yeni dərslik uzunmüddətli gərgin araşdırmaların məhsulu kimi ortaya çıxmış və tamamilə yeni üslubda yazılmışdır.
Məsələ burasındadır ki, mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələrində (əsasən MDB-də) maliyyə dərslikləri o dövrün prinsiplərinə uyğun yazılırdı və bütün istiqamətləri əhatə etmirdi. Məsələn, onların heç birində dövlət borcları, xəzinədarlıq, maliyyə bazarı kimi olduqca vacib fəsillər yox idi. Rusiyada və başqa MDB ölkələrində həmin nöqsanlar indi də tam aradan qaldırılmamışdır. Maliyyə dərsliklərini, bəzi xırda dəyişikliklər edilsə də, əvvəlki qaydada buraxmaqda davam edirlər.
Azərbaycanda bir sıra yeni dərsliklər dərc olunsa da, əvvəllər olduğu kimi, yenə də əsasən Rusiya Federasiyasında buraxılmış dərsliklərdən istifadə olunur.
Bazar iqtisadiyyatı ölkələrinin əksəriyyətində (ABŞ, Böyük Britaniya, Türkiyə və s.) "Maliyyə" dərslikləri, əsasən, bir-birindən fərqlənən iki adda çap olunur: "Dövlət maliyyəsi" (Public finance) və "Biznes maliyyəsi" ("Busines finanse"), yaxud "Korporasiya maliyyəsi" (Corporoite finance).
Təqdim olunan dərslik yazılarkən çoxsaylı və genişhəcmli dərsliklər, dərs vəsaitləri və digər ədəbiyyatlar ümumiləşdirilmiş, nəticədə yeni formalı bir mənbə meydana gəlmişdir. Burada həm dövlət, həm biznes maliyyəsinin, həm də regional və beynəlxalq maliyyənin bütün əsas aspektləri əks olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, SSRİ-yə daxil olan respublikalarda, xüsusən Azərbaycanda, belə ümumiləşdirici əsərlərə təkcə tələbələrin deyil, sahə mütəxəssislərinin hamısının böyük ehtiyacı var. 
Dərslik beş əsas bölmədən ibarətdir. Birinci bölmə maliyyənin mahiyyəti, əhəmiyyəti, idarə olunması və planlaşdırılmasına həsr edilmiş, ilk dəfə olaraq maliyyə vasitəçilərinin və maliyyə bazarının geniş izahı verilmişdir.
İkinci bölmədə dövlət maliyyəsi kimi vacib bir sahə təhlilə cəlb olunmuşdur. Burada əsas araşdırma obyekti - bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinin gəlir və xərcləri, hökumətin vergi və gömrük siyasəti, vergilərin ayrı-ayrı növlərinin təhlili və onların təkmilləşdirilməsi istiqamətləridir. Bunlarla yanaşı, dö2vlət maliyyəsi ilə sıx əlaqədə olan dövlət borcları və xəzinədarlıq məsələləri də nəzərdən keçirilmişdir.
Biznes maliyyəsinə həsr olunmuş üçüncü bölmədə müəssisələr və müxtəlif formalı sahibkarlıq qurumları arasında maliyyə münasibətlərinin təzahür xüsusiyyətləri, milli biznesi formalaşdıran mənbələr, rentabellilik və mənfəətlilik norması, investisiyaların maliyyələşmə qaynaqları, investisiya (kapital) bazarının fəaliyyət xüsusiyyətləri, maliyyə elmində geniş istifadə olunan cari dəyər, gələcək dəyər, xalis cari dəyər, risklər məsələsi izah olunmuşdur.
Dördüncü və beşinci bölmələrdə sığorta işindən və beynəlxalq maliyyə münasibətlərindən bəhs edilir. Burada sosial sığorta, əmlak sığortası və şəxsi sığorta məsələləri ilə yanaşı, bütövlükdə sığorta bazarının formalaşması prinsipləri şərh edilmiş, beynəlxalq maliyyənin təzahür xüsusiyyətləri əksini tapmışdır.
Dərsliyin bir səciyyəvi xüsusiyyətini də göstərmək lazımdır ki, burada yalnız faktlar sadalanmır, daha çox Azərbaycanı və keçid iqtisadiyyatı dövrünü yaşayan bəzi başqa ölkələri mövcud böhrandan çıxarmağın başlıca yolları göstərilir. Dərslikdə nəzərdən keçirilən hər bir problem onun həlli yolları ilə müşayiət olunur.
Dərslikdəki bütün müddəaları uzunmüddətli təcrübənin məhsulu, əməkdaşlıq etdiyimiz və təmasda olduğumuz bütün kollektivlərin, onların hər bir üzvünün birgə işinin nəticəsi kimi qiymətləndirmək daha doğru olar. Bu kollektivlərə Maliyyə Nazirliyinin, Vergi Nazirliyinin, Mərkəzi bankın, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Xəzər Universitetinin, Moskva Maliyyə Akademiyasının, Sankt-Peterburq Maliyyə və İqtisad Universitetinin, Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin, ABŞ-ın Corciya Dövlət Universitetinin, Ukrayna Bank Akademiyasının və s. kollektivləri aiddir. Onların hər birinin kollektivinə, eləcə də dərsliyin yazılmasında yardımçı olmuş aspirant və tələbələrimizə dərin minnətdarlığımızı çatdırırıq. 
Dərslik yalnız ali və orta ixtisas məktəblərinin tələbələri üçün deyil, həm də aspirantlar, dövlət iqtisad orqanlarının mütəxəssisləri, müxtəlif müəssisələrin iqtisadçıları üçün nəzərdə tutulmuşdur.