KitabYurdu » Kitab » Biologiya » Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış


Şeçilmişlər Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış

Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış PDF
ADI:
Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış
REYTİNQ:
  • +11
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
2.8 mb

“Elm gününə” həsr olunan tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda Elmi-Praktiki Konfransın Materialları

Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir. İnsan, bütün canlılar təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədədir. İnsan özü üçün nə lazımsa - hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. İnsanlar təbiətə münasibətlərini dəyişdirməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Ətraf mühitin mühafizəsi, bunun üçün tədbirlərin görülməsi qlobal bir problemə çevrilmişdir. Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq etmişdir. Həmin yol xəritəsinə atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin havanın çirklənməsinə dair hədəflərinə istiqamətlənən monitorinqlərin aparılması və hesabatların hazırlanması, bütün səviyyələrdə - yerli, milli, regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarının artırılması kimi fəaliyyətlər daxildir. Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələridir. Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resursların qənaətlə istifadə edilməsi, habelə ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçilmişdir. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə enerji effektliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik) istifadə geniş miqyas almışdır. Su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması çox vacib aspektdir. Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030- Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendal Çərçivə Proqramında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilmişdir. Bioloji müxtəlifliyin qorunması, o cümlədən, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması məqsədilə bir sıra beynəlxalq razılaşmalar, konvensiyalar qəbul edilmişdir. BMF-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) biomüxtəlifliyin qorunması məqsədilə “Dünya kənd təsərrüfatı məlumat şəbəkəsi", “Planetin genetik resurslarına dair erkən xəbərdarlıq sistemi", “Meşə genetik resursları" kimi müxtəlif mövzulara əsaslanan informasiya bazası yaratmışdır.