KitabYurdu » Məqalə » Elmdən doymayan alim -Nəsirəddin Tusi


Şeçilmişlər Elmdən doymayan alim -Nəsirəddin Tusi

Elmdən doymayan alim – Nəsirəddin Tusi


Məhşur azərbaycan astronomu Nəsirəddin Tusi haqqında istər Azərbaycanda, istərsə də yaxın Şərq ölkələrində və daha uzaq ölkələrdə çoxlu tədqiqat işləri aparılmış, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Lakin onun yaradıcılığı tam sona qədər apaşdırılmamışdır. Biz də bu tədqiqatı sona çatdırmaq niyyətində deyilik, hətta bunu istəsək belə bacarmarıq. Çünki, hərtərəfli Şərq alimi kimi Tusi yaradıcılığı o qədər geniş, o qədər çox şaxəlidir ki, onun yaradıcılığını, elmi fəaliyyətini təqdid etmək üçün ayrıca istitutun yaradılmasına ehtiyac vardır. Bu dahi haqqında yazmağı, həmvətəni kimi özümüzə borc hiss bilirik. Nəsirəddin Tusi adına olan müəssisələrdə çalışdığımız üçün bu hissləri keçirməyə bilmirik. Nəsirəddin Tusinin ən qalmaqallı  XIII əsrin baş verdiyi hadisələrinin mərkəzində olması, bununla belə bu məkan və zaman daxilində elmə dəstək durması, Şərqi bütün dünyada tanıdan və öz mükəmməlliyi ilə fərqlənən Marağa rəsədxanasının tikilməsinə səbəb olması, bütün dünyadan ora alimlərin cəlb edilməsinə şərait yaradması, elmin bütün sahələrinə aid əsərləri və böyük vətənpərvərliyi bizi bu işə maraqlı etmişdir. Yazımızın məqamının onun haqqında yazılanlar qarşında bir şey olmadığını bilsəkdə, düşündüklərimizi vərəqə köçürməkdən vaz keçə bilmədik. Nəsirəddin Tusi elə bir şəxs olmuşdur ki, onun haqqında hər həftə fərqli bir yazı dərc olursa belə, onun elmi fəaliyyətini şərh etməyə on illərlə vaxt kifayət etməz. Onun hər bir əsəri neçə-neçə tədqiqat əsərində araşdırılmış olsa da, etdiyi kəşflər, hesablamar və tapdığı dusturlar hələ də tam tədqiq olunmamışdır. Onun astronom, riyaziyyatçı, geoloq, coğrafiyaçı, pedaqoq, ilahiyyatçı, hüquqşünas, psixoloq, astroloq, həndəsəşünas, tarixçi kimi yazdığı əsərlər Azərbaycana şöhrət gətirmiş, alimləri Nəsirəddin Tusi haqqında daha çox öyrənməyə sövq etmişdir. 

Nəsirəddin Tusi 1201-ci ilin fevralın 17-də Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərinin yaxınlığında, Cəhrudda  anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. O, ibtidai şəriət təhsilini atasından, orta təhsilini isə XIII əsrin məşhur alimləri yanında almışdır. Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək həvəsi valideynlərində onun gələcəyinə ümid çırağı yandırmışdır. Bunun üçün bütün bilik və enerjisindən istifadə etmişlər. Nizamidən sonrakı dövr də elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, Tusi, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. Hələ gənc yaşlarında mütaliəyə həvəsi olan Nəsirəddin, fenomenal hafizəyə malik olmuş, oxuduqlarını və eşitdiklərini öz mühakiməsi və dərin zəkası ilə təhlil edib yoxladıqdan sonra müsbət hesab etdklərini qəbul edər, mənfiləri isə rədd edərdi. Özündən yeni bilməcə, teorem və alətlər, cihazlar tərtib etməyi və düzəltməyi xoşlayardı. O, gənclik illərində biliklərini dərinləşdirmək məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün “Seyr və sülük” əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: “Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.”

Şərqin bir sıra şəhərlərinə səfər edən Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərlə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub, onlardan dərs almışdır. Aldığı hərtərəfli və dərin biliklər Məhəmməd Nəsirəddini elmi mühitdə məşhurlaşdırır.

Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin –dinin müdafiəçisi, köməkçi, imdada yetişən- adını vermişdir. Tusi ləqəbini isə ilk təhsilini Tus şəhərində aldığına görə qəbul etmişdir

Həmin dövrdə, Azərbaycan özünün bütün Yaxın Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyətləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin Xaqani Şirvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi, Məshəti Gəncəvi ilə tanınmışdı. Bu şəxsiyyətlərdən fərqli olaraq, Tusi hərtərəfli inkişaf etmiş alim idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də valeh etmişdi.

Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri - Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiyyat elminin inkişafından danışarkən Tusini məhz İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir. 

Tusi həmişə çətin bilinən məsələlərə qoşular, sadə həll tapmağın yollarını arayardı. Qeyd edəkki Tusinin yaşadığı dövr Orta əsrlərin içərisində ən qalmaqallı olan XIII əsrdə yaşaması, buna ramən tutduğu işdən dönməməsi, əqidəsi fərqli olan hökmdarlara qarşı mövqeyi, elmin demk olarki bütün sahələri ilə maraqlanması və belə bir dövrdə yazb yaratması hazırki dövrdə bütün insanlara bir mesajdır. Bu onun yazıb qoyduğu “Əxlaqi Nasiri” əsərinin günümüzdə də təbliğ olunub, riayət olunmasına dəlildir.  Nəsirədin Tusinin 1229-31-cu illərdə Kuhistan ismaililərinin rəhbəri Nəsrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir sıra dillərə tərcümə olunan məşhur “Əxlaqi-Nasiri” əsərini tamamlayır. Azərbaycanlı şair, yazıçı, dövlət xadimi olan Nəsirəddin Tusi farsca qələmə aldığı Orta və Yaxın əsr məktəbləəsrlər boyu əxlaq dərsliyi kimi istifadə olunan bu əsəri ən azı üç dəfə yenidən işləmiş, özündən əvvəlki etik-fəlsəfi fikirlərə yekun vuraraq insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər və s. ilə bağlı fikirlərini şərh etmişdir. Lakin kitab hökmdar Nəsirəddin Möhtəşəmin xoşuna gəlmir və Tusi “həbs” olunaraq Ələmut qalasına aparılır. Ələmut qalasında dustaq vəziyyətində olmasından asılı olmadan Nəsirəddin Tusi yaradıcılığından qalmamış, riyaziyyat və digər elmlər sahəsində qiymətli əsərlər yaratmışdır.  

Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı "Zic Elxani" kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən "Əxlaqi-Nasiri" əsəri olmuşdur. Məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət tapması da bununla izah olunur. Bu kitab çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayılmışdır. "Əxlaqi-Nasiri"  əsəri özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur.

Tusi "Əlamut" qalasında sürgün həyatı keçirir. Qaladan çıxmaq hüququ olmayan alim ismaililərin yanında keçirdiyi 20 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılara baxmayaraq, bir neçə elmi əsər yaza bilir: "Şərhül-İşarət", "Təhrir Məcəsti" -Almagest, "Təhrir Öqlidis". Sonuncu kitabı o, 1248-ci ildə və bundan sonra isə həmin kitabın 13 hissədən ibarət olan ikinci redaksiyasını yazmışdır. Ələmut qalası ora həbdə  gətirilənlər üçün azadlıqdan məhrumluq qoysada, ətrafda baş verən müharibələrdən gizləyir, sərkərdan həyatlarının qarşısını alır, onların istifadəsinə qalada olan kitabxananı, astronomik müşahidələr aparmaq üçün münasib məkan və qurğuları verirdi. Qalada asayişin qorunmasına nəzarət edənlərin sayının çox olması təbii yaradıcı mühiti pozurdu. 

 N.Tusi 1242-ci ildə tamamladığı Əbu Əli ibn Sinanın “İşarət” adlı fəlsəfi risaləsinə qələmə aldığı “Şərhül-İşarət” əsərinin sonunda yazır: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi. Mənim bu kitabı yazdığım vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu yandırılır və üstündən qaynar su tökülürdü" (Nəsirəddin Tusi. "Şərhül İşarət". Prof. Ə. K. Zəkuyevin tərcüməsi).

"Tarix-e cahaquşay-e Cüveyni" kitabında belə izah verir: "İsmaililər rəhbərlərinin ən çox diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuşdur. İsmaililər istehkamlarının, qalalarının, qüllələrinin - Əlamut, Kuhistan qalalarının hündür yerlərdə tikilməsinin əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər... Digər tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzlərinə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar yaratsınlar. Xacə Nasirin Əlamutda olması, sonralar onun o dövrün ölkələrində - Çinə qədər elmi nəzəriyyələrinin yayılması göstərir ki, o, orada elmi tədqiqat fəaliyyəti ilə məşğul olurmuş. Unutmaq olmaz ki, Əlamutda zəngin kitabxanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət və dəzgahları da geniş şəkildə işlədilirdi”.!

Ələmut qalasında olan Tusi və digər alimlərin əsərləri, onlar haqqında məlumatların yayılması faktı o dərəcədə doğrudur ki, onun haqqında monqol hökmdarları xəbər tutmuş, onun özünün Çinə göndərilməsi haqqında əmr almışlar. Nəsirəddin Tusi Ələmutda bir dustaq həyatı keçirsə də, o əsərlərini tanıda biləcək əzmdə olmuşdur. Ələmutda olan alimlər haqqında məlumatın yayılması üçün qalanın gəlimli gedimli olması gərəkirdi. Qalaya gəlib gedən tacirlər və digər peşə sahibləri Nəsirədin Tusi ilə görüşmüş, aldıqları informasiyanı yaymışlar. Əlavə olaraq monqol xəfiyyəsi öz işinin öhdəsindən yaxşı gələ bilmişdir. Bir neçə ildən sonra Tusi Ələmutda məntiqdən  “Əsasül-iqtibas” əsərini yazır. Bu əsər məntiqlə bağlı ibn Sinanın  “Şifa” əsərindən sonra ikinci əsər sayılır.

Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbaycanın sərhədinə yaxınlaşanda xanın göndərdiyi cəsuslar Tusinin nə qədər müdrik alim və aqil insan olduğunu hökmdara artıq izah edmişdilər. Halbuki xan qiyabi olsa da, Azərbaycan alimi barəsində çoxlu müsbət fikirlər eşitmişdi. Alimlərə və ümumiyyətlə, aqil insanlara möhkəm pərəstiş edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır. Onun qoşunları 1256-cı ildə fətholunmaz Əlamut qalasını tutur, Tusini və digər alimləri, elə onların öz köməkliyi ilə azad edirlər. Qalanın təslim edilməsində Tusi və digər şəxslərin rolu danılmazdır. Qalada olan alimlər haqqında dəqiq məlumat, oranın alınması zamanı onlara xəsarət dəyməməsi üçün verilən sərəncamlar qadakıların nə dərəcədə monqollar üçün əhəmiyytli olduğunu göstərir.  İbn Füvətinin babası da Ələmutda təbib olmuş, Tusi ilə bir yerdə fəaliyyət göstərmişlər. 

Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Ələmutda yerləşən kitabxanaya zərər dəymməsi üçün Hülaku xana məsləhət görür ki, avadanlıqlar kitablarla birgə başqa yerə köçürülsün. Nəticədə bütünlüklə oradakı elmlə bağlı olan əsərlər, yazılar tarixçinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, Əlamut kitabxanasında olan astronomik alətlər, Quran, qiymətli əlyazmalar saxlanılsın, yalnız ismaili cərəyanı ilə əlaqəli olan bütün əsərlər yandırılsın. Lakin bir neçə ismaili əsərlərini, o cümlədən  Əlamut dövlətinin təməlini qoyan Həsən ibn Səbbahdan bəhs edən “Sərgüzeşt-i seyidna” əlyazmasını tarixçi öz elmi işlərinə daxil etməyə çəkinməmişdir. 

1256-cı ildə Hülaku xan Azərbaycanın bütün bölgələrinə tam yiyələnir və həmin ölkənin hakimi elan edilir. Paytaxt Marağanı seçir. O, Azərbaycana sahib çıxandan sonra dahi alim sayılan Tusini öz məsləhətçisi təyin edir. Hülaku xan ən ağır vəziyyətlərdə belə, başqa milliyyətdən olan alimə bel bağlamışdı (Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв. Москва, "Наука", 1978. стр. 243). Ələmut kitabxanası Marağaya köçürdür.

İstənilən hökmdara onun səhhəti, malik olduğu ordunun əsgərlərinin sağlamlıq durumu, hərbi qüdrətinə kömək olacaq mühəndislər və alimlər, hadisələrə düşgün şərh verib proqnozlaşdıra bilən şəxslər lazım idi. Bu baxımdan dövlətə təbiblər, mühəndislər, alimlər, astroloqlar, siyasətşünaslar, diplomatoya biliciləri, qarşıdakı adamı hər hansı şərtə inandıra biləcək mütəfəkkirlər lazım idi. Monqol hökmdarları Çingizxan kimi buna riayət edirdilər. (M.B.) 

N.Tusi qaladan azad edilən kimi ilk vaxtdan monqol hökmdarının məsləhətçisi təyin edilir. Tusi, Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür. Xan yenicə yaratdığı dövlətinin sərhədlərini genişləndirmək üçün mütləq Abbasilər xilafətinin paytaxtı - Bağdadı ələ keçirməli idi. Bu işdə də Tusi hökmdara lazımi məsləhət vermişdi. Uzun müddət müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada hücum etməyə çəkinən Hülaku xan yalnız, Azərbaycan aliminin elmi cəhətdən əsaslandırılmış fikirlərdən sonra bu addımı atmağa cürətlənir. Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətinin paytaxtını 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan” lar idi.

şəhərlərdən, ölkələrdən, alimlər dəvət olunurdu. 


“Yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır”


Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökmdarı şəhər yaxınlığında gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışmışlar. Tusi isə Hülaku-xana demişdi:

 Hamısını qorxudan bu hadisənin səbəbi bizə bəllidir və biz sakit oturmuşduq. Ona görə də “Yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır. Biz səmanı müşahidə etsək, Günəşin tutulması, zəlzələ, tufan kimi hadisələri qabaqlaya bilərik. Onda qoşun indiki kimi dəhşətə gəlməz və heç bir təbii fəlakətdən qorxmaz.

Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tarixçi Hacı Xəlifə qələmə aldığı “Dünya haqqında kitab” ında baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsrəddin Mağaradakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaküyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsrəddin bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsrəddin xana deyir: «Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər.» Nəsrəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə və aylıq məvacib verilməsinə də nail olur. Bu məvacib Nəsrəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və mühəndis, konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni və bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Rəsədxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və yəhidilər də çalışırdı. Burada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü tatar, yəhudi və digər millətlərin nümayəndələri idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri Elxanilərin astronomik cədvəlləri-“Zici-İlxani” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu artıq Nəsirəddinin vəfatından sonra, 1284-cü ildə tərtib edilmişdi.

Cədvəllər dörd hissədən ibarətdir. Birinci hissə yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunmuş və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilmişdir. İkinci hissə ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunmuşdur. Buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirirdi. Müasir alimlər dəqiq əmindirlər ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. “Cədvəllər” -in üçüncü və dördüncü hissələri astrologiya məsələlərinə həsr olunub. Azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynamışdır.

Rəsədxana kompleksinin uzunluğu 350, eni isə 150 metr idi. О dövr üçün ən yeni avadanlıqlarla təchiz edilmiş rəsədxananın 400 min nüsxəlik fonda malik zəngin kitabxanası var idi. Əldə olan məlumatlara əsasən, Marağa rəsədxanasında istifadə olunan cihazlardan beşdən çoxu rəsədxananın öz işçiləri tərəfindən ixtira edilmişdi. XVI əsrdə yaşamış danimarkalı astronom Tixo Brage öz rəsədxanasında Marağada hazırlanmış fırlanan kvadrantlardan istifadə edirmiş.

Monqol hökmdarı Hülakunun qardaşı - Mengu xanın göstərişi ilə Pekində müsəlman alimləri tərəfindən tikilmiş rəsədxananın layihələndirilməsində Marağa rəsədxanasının təcrübəsindən istifadə etmiş, Rəşidəddin Fəzlullah “Came əl-təvarix” kitabında məlumat verdiyi kimi, Pekin rəsədxanasının memarı Fao Mun Çi şəxsən Marağaya gələrək bir müddət orada qalaraq tikinti ilə tanış olmuş, qurulacaq rəsədxana  ilə bağlı Nəsirəddin Tusi ilə məsləhətləşmişdir. Rəsədxanada çalışanlara məvacib təyin edilmiş, burada tədqiqat aparmaq istəyən hər kəs üçün əlverişli iş şəraiti yaradılmışdı. Dünyanın müxtəlif nöqtələrindən alimlər Marağaya gəlib elmi fəaliyyətlə məşğul olurdular. Onların arasında qeyri-müsəlmanlar da var idi.

“Zici-Elxani” astronomik kataloqu haqlı olaraq orta əsrlərin ən böyük elmi nailiyyətlərindən hesab olunur. “Zici-Elxani” kataloqunda Çin, Türküstan, İran və Ərabistanda işlədilən təqvimlərin nəzəriyyəsi verilmiş, bir təqvimdən digərinə keçmək yolları göstərilmişdir. Bu əsərdə planetlərin orta sutkalıq hərəkət qiymətləri о dövr üçün heyrətamiz dərəcədə dəqiqliklə qeyd edilmişdir. Kataloqa Ay və Günəş tutulmalarını qabaqcadan xəbər vermək uçün rəsədxanada hazırlanmış mükəmməl cədvəl, parlaq ulduzların ekliptik koordinatlar cədvəli də əlavə olunmuşdu. Xristofor Kolumbun müəllimi Toskanelli bu cədvəldən istifadə etmiş, cədvəlin özü 1652-ci ildə Londonda, 1711-ci ildə Oksfordda ərəb və latın qrafikası ilə müxtəlif dillərə çap olunmuşdur.

Görkəmli Azərbaycan alimi Rəşidəddinin yazdığına görə, Marağa rəsədxanasında 100 nəfərdən çox alim və başqa işçi varmış. Onların da çoxu Azərbaycan alimi Nəsirəddin Tusinin tələbəsi olmuşdur. Gələcəkdə həmin adamlar öz ölkələrində tanınmış alimlər kimi hörmət sahibi olmuş və əksər hallarda hökmdar saraylarında işlə təmin olunurdular. Hətta həmin alimlərin bə`ziləri Marağa rəsədxanasına oxşar bir rəsədxananın öz ölkələrində inşa etmək üçün öz hökmdarlarına müraciət etmişdilər. Lakin həmin iş külli-miqdarda vəsait tələb etdiyindən, ortaya qoyulan layihəni həyata keçirmək mümkün olmamışdı.

Tusi Hülaku xanı rəsədxananı tikintisi ilə elə maraqlandırmışdı ki, hökmdar hələ Bağdadı tərk etməmiş tikinti üçün lazım olan tikinti materiallarını və cihazlar alınması, Bağdad kitabxanasının Marağaya daşınması üçün vəsait verilməsinə göstəriş vermişdir. Göstərişə görə bütün islam vəqfləri (əvəzzis ödənişlər, xeyriyyələr - M.B.) Nəsirəddinin sərəncamına verilsin və bu vəqflərin gəlirinin ondan bir hissəsi rəsədxananın tikintisinə xərclənsin.

Nəsirəddin alimlərin axtarışı ilə də ciddi məşğul olurdu. Bağdaddan Marağaya özü ilə Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəci (təxəllüsü İbn əl-Bəvvab əl-Bağdadi əl-Katib), Amidəddin Əbül-Fədail Saib ibn İzəddin Məhəmməd ibn Abdin Əs-Səlmi əl-Ömüdəddin Münəccim Bağdadini, Nəcməddin ibn Huab Bağdadini, Kəmaləddin Sufi Bağdadi Əbu Əzizi, Qavaməddin Bağdadini və 14 yaşında əl-Füvati əl-Bağdadini gətirmişdi. Əl-Füvatini Nəsirəddin öz himayəsinə götürmüş, ona fars dilini öyrətmişdi. Sonralar əl-Füvati fəlsəfə elminə yiyələnmiş və Marağa rəsədxanasının kitabxanasında xəzinədar işləmişdir. 

Rəsədxana fəaliyyət göstərən zaman oraya həm Azərbaycandan, həm də yaxın regionlardan çox məşhur şəxsiyyətlər gəlmiş və elm ocağının alimləri ilə müxtəlif səpkili görüşlər aparmışlar.

On illərlə kitabxananın qoruyucusu olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Rəsədxanadan danışan Əs Səfədi “Əl-Favi bilvəfayat” adlı əsərində yazır: “Şəmsəddin əl-Cəzəri Həsən ibn əl-Həkimə əl-İbrahimlinin dilindən xəbər verir: Mən Marağaya getdim və o rəsədxanaya baxdım (Sədrəddin Əli ibn Xacə Nəsirəddin Tusinin rəhbərlik etdiyi rəsədxana). O, gənc və ləyaqətli bir alim, nücumun və fars şeirinin bilicisi idi. Mən orada Şəmsəddin Mühəmməd əl-Ordi, Şəmsəddin əş-Şirvani, şeyx Kəmaləddin əl-İyqi, Hüsaməddin əş-Şamini də gördüm”.

Şirazda anadan olmuş Məsud Qütbəddin Şirazi (1236-1311) Tusinin tələbəsi olmuş və astronomiya, riyaziyyat elmlərini öyrənmişdi. Qütbəddin 1282-ci ilə qədər Marağada çalışmış və ondan sonra o, monqolların səfiri kimi Misirə göndərilmişdı. İlk dəfə o, Misirdə Aralıq dənizi və onun ətrafındakı torpaqların xəritəsini tərtib edir. Qütbəddin ərəb dilində, öz dövrünün astronomik və coğrafi nailiyyətlərini əks etdirmiş “Biliklərin sonu” adlı qiymətli əsər yazmışdır. Bundan sonra o, “Dürrətül tac” (Tacın dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamamlamışdır.

Marağa rəsədxanasında çalışan alimlərdən biri də xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan Yuhanna Qriqori Əbül Fərəc Bar Ebrey (1226-1286) Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur.

Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuş Əbül Fərəc XIII əsrin 60-cı illərində Marağaya gəlir və burada Nəsirəddinin rəhbərliyi altında çalışmışdı. O, Suriya dilində astronomiya və coğrafiya elminin əsasları haqqında qısaca mə`lumatlar verilmiş qiymətli əsər yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur edən “Sülalələr tarixi”, yaxud “Dövlətlərin müxtəsər tarixi” adlı ərəb dilində yazdığı kitabdır. Bu əsər Marağa rəsədxanasında çalışan və yaşayan çoxmillətli kollektivin həyat tərzini geniş şəkildə əks etdirmişdir.

Marağa rəsədxanasının baş mühəndisi və qurucusu tanınmış alim Müəyyidəddin Ordi haqqında bioqrafik mə`lumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində qələmə aldığı “Marağa rəsədxanasının astronomik alətləri haqqında risalə”-sinin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A. Jurden tərəfindən tapılıb fransız dilində tərcümə olunur. Kitab Parisdə ilk dəfə - 1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman dilinə tərcümə edilir. Bu əsərdə Tusinin rəhbərliyi altında Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var.

Ordinin traktatında verilən mə`lumatların təhlili bir çox tədqiqatçıları belə bir fikrə gətirmişdir ki, Marağa rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub. Ondan sonrakı dövrdə isə hazırlanan astronomik cihazların əksəriyyəti, Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir.

Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astronomik cihazların quruluşu ilə məşğul olaraq, dünyada ən qədim ulduz qlobusu (1279) düzəltmişdi. Həmin qlobusun üzərində ulduzların vəziyyəti çox böyük dəqiqliklə düzəldilmişdi.

XVI əsrdən Almaniyanın Drezden şəhərində bir dövlətli şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır. Bürüncdən, gümüşdən və qızıldan hazırlanmış həmin qlobus bu muzeydə saxlanılır.

O dövrün bütün intellektual təbəqəsini çevrəsinə toplayan Marağa rəsədxanası Şərqdə bir sıra elmi nailiyyətlərin reallaşmasına təkan vermişdir. Rəsədxanada bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Rəsədxananın tikintisində və zəruri avadanlıqla təchiz olunmasında başlıca məsuliyyət Müəyyidəddin Ordinin üzərinə düşürdü.

Başqa yazılı mənbələrdə isə göstərilir ki, bu rəsədxanada dövrün ən tanınmış alimləri, o cümlədən Qutbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi fəaliyyət göstərib. Eyni zamanda, sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Həmin məvacib Tusinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Sədrəddin Əli Tusi atasının vəfatından sonra uzun müddət rəsədxanaya rəhbərlik etmişdir. Onun qardaşı Əsiləddin, Parisdə milli kitabxanada saxlanılan “Zic Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir.

Marağa rəsədxanasında çalışan Məhiəddin Məğribi İspaniya (Əndərus) ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən əvvəl Hələbə gəlmiş, orada astronomiya ilə məşğul olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç cür xilas yolu tapmayan Məhiəddin astronom olduğunu bildirərək xilas olur. Nəsirəddinin, harada astronomlara təsadüf olunsa, onları Marağaya göndərmək xahişini bilən Hülaku xan Məhiəddini xilas edib oraya göndərir. Rəsədxanada çalışan İsa Monqolustandan, Fəxrəddin İxlati isə Tiflisdən idi.

Müsəlmanlarla yanaşı rəsədxanada xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mə`nası ilə beynəlmiləl tərkibli elm-mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında rəsədxananın ən mütərəqqi cəhətlərindən biri -əsl emansipasiya yaranmışdı. 

Marağa astronomik rəsdxanasının astronomiya və riyaziyyat məktəbi sonrakı dövrdə Qərbi Avropada, Çində, Orta Asiyada, həm də Hindistanda fizika-riyaziyyat elmlərinin inkişafına çox böyük tə`sir göstərmişdir.

Marağa rəsətxanasında çalışan mütəxəssislərdən bəzilərinin adlarını qeyd etmək yerinə düşər: 

1. Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi 
 2. Fəxrəddin Əbülqasim Əhməd ibn Mühəmməd ibn Mühəmməd ibn Həsən Tusi Maraği
 3. Qütbəddin Əbussəna Mahmud ibn Məsud ibn əl-Müslix əş-Şirazi 
 4. Qriqori Əbül Fərəc Bar-Ebreus (Suriya) 
 5. Müəyyidəddin ibn Burayk ibn əl-Mübark əl-Əmiri Ordi 
 6. Nəcməddin Əbül Həsən Əlı ibnUmar bn Əli əl-Katibi Dəbirani 
 7. Hiduşah ibn Səncər Naxçıvani (“Sələflərin təcrübə-si”əsərinin müəllifi) 
 8. Fəxrəddin Əbülfaz Əbdül Əziz ibn Əbdül Cabbar ibnəl-İxlati (Gürcüstan) 
 9. Fəxrəddin Əhməd ibn Osman Əmin ət-Tusi əl-Marağayi (İraq) 
 10. Məhiəddin Məğribi (İspaniya) 
 11. Damğanlı Mahmud Nəcməddin Üstürlabi 
 12. Hüsaməddin əş-Şami 
 13. Hüsaməddin Təbrizi 
 14. Sədrəddin Əbülhəsən Əli Nəsir Tusi 
 15. Səfiəddin Əbülmömin Ürməvi 
 16. Fəxrəddin Əbu Məsud Mənsur ibn Məhəmməd ibn 
 Məhəmməd ibn Mənsur əl -Kaziruni
 17. İbn əl-Bəvvab əl-Bağdadi Nəcməddin əl-Katib 
 18.Amidəddin Əbül-Fədail Saib ibn İzəddin Məhəmməd ibn Abdin Əs-Səlmi əl Ömüdəddin Münəccim Bağdadi
 19. Fəxrəddin Əbül Həsən Məhəmməd ibn əl-Həsən əs-Səcazi
 20. Fəxrəddin Əbül Fəth Məhəmməd ibn Camaləddin 
 Əhməd ibn İsa əl-Qəznəvi
 21.Fəxrəddin Əbülleys Fəth Məhəmməd ibn Əbdülməlik ibn Əbülxaris ibn Sumaym əl-Maraqi
 22. Nəcməddin ibn Huab Bağdadi 
 23. Kəmaləddin Sufi Bağdadi Əbu Əziz 
 24. Fao Mun-Çi (Çin) 
 25. İsa Monqol (Monqolustan) 
 26. Taqiəddin Əli Həşşaşi (İran) 
 27. Nəfisəddin ben Tolayib 
 28. Şeyx Kəmaləddin əl-İyqi 
 29. Nəsrani Səfiəddin oğlu 
 30. Şəmsəddin Mühəmməd əl-Ordi 
 31. Mühəmməd ben Müəyyidəddin Ordi 
 32. Cəmaləddin az Zeydi Buxari (Xorezm) 
 33. Möhiəddin Kamal 
 34. Abi Şükr Məğribi 
 35. İbn əl-Füvati 
 36. Nizaməddin ən-Naysaburi 
 37. Əsiləddin əl-Həsən ət-Tusi 
 38.Fəxrəddin Əbül Həsən Əli ibn Heydər ibn Əli ət-Tusi
 39. Kəvaməddin Əbu Səd Abdallah ibn Əbdürrəhman əl-Yazari 
 40. Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasi 
 41. Kamal əd-Dövlə ibn əd-Dai
 42. Şəmsəddin əş-Şirvani 
 43. Möhyəddin Əş-Şirvani 
 44. Kəmaləddin Əflatun Hindi (Hindistan) 
 45. Əlaəddin Süleyman əl Multani (Hindistan) 
 46. İzəddin Əbülfəz ibn Yəhya
 47. İzəddin Toğrul ibn Səncər 
 48. Məcdəddin Əbülfutuh Əbdüləziz ibn Haşim əş-əhrabani
 49. İmadəddin Əbu Tahir əl-Müsayyib ibn Fəxrəddin Əli ibnHüseyn əd-Damqani
 50. 
Fəxrəddin Əbül Abbas Əhməd ibn Məhəmməd ibn 
 Yunis əl-Əmiri


Orta əsr və sonrakı illərdə Şərqin elmi mədəni yaradıcılığından daim bəhrələnən, Şərqin nailiyyətlərini həmişə azaldıb, bu nailiyyətləri özünkiləşdirən, Şərq alimlərinin əsərlərini tərcümə edərək öz adlarına çıxaran avropanın xristian icmaları, din xadimləri və gələcəkdə elm adamları hələdə Marağa rəsədxanasının gördüyü işlərə kölgə salmaq fikirlərindən əl çəkmirlər. Marağa rəsədxanası o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı olduğundan, oranı dünyanın ən böyük Elmlər Akademiyası da adlandırmaq olardı. Marağada aparılan astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırmaların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə olunması, tədris proqramlarının çoxsahəli olması, buraya cəlb olunan alimlərin və tələbələrin sayının çoxluğu, yazılan elmi əsərlərin bolluğu miqyasına görə Bağdadın “Beytül hükəması”, Ürgəncin “Məmun Akademiyası”nı və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu. Əsas arqument ondan ibarətdir ki, astronomik müşahidələrin aparılması üçün yaradılan həmin rəsədxanada astronomiya və riyaziyyatla yanaşı, tarix, coğrafiya, həndəsə, botanika, fəlsəfə, meniralogiya, fizika, kimya, təbabət, astrologiya, optika, ədəbiyyat, estetika, hətta musiqişünaslıq sahəsi də dərindən öyrənilib ədəbiyyat vəsaitləri kimi təhsil almağa can atan adamlar arasında geniş təbliğ olunurdu. Hər sahə üzrə də, məşhur mütəxəssislər yetişdirilirdi. Artıq məlumdur ki, XIII əsrin görkəmli Azərbaycan alimi, Marağa rəsədxanasının banisi Nəsirəddin Tusinin (1201-1274) rəhbərliyi altında yüzdən artıq alim işləmişdi. Marağa rəsədxanasının nəzdində Tusinin təşəbbüsü ilə dünyanın ən böyük “Elmlər Akademiyası” yaradılmışdı.

Dediyi sözlər onun nə qədər müdrik, iradəli və qorxmaz olduğunun təsdiqidir.


“Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et...

- Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür...”                        



Tusinin müdrik kəlamlarından 

Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.

Paltar isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsinə məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar.

Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz.

Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.

Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.

Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır.

Övladın məhəbbəti atanınkından az olar, çünki o, məhsul və nəticədir, uzun müddət özünün necə əmələ gəldiyini, səbəblərinin kim olduğunu başa düşməz, nə qədər ki, ağlı bir şey kəsmir, atası sağdır, qədrini bilməz, elə ki, ağlı başına gəldi, gözü açıldı, həyatı başa düşdü, ya atası öldü, əli onun qazancından kəsildi, onun böyüklüyünü dərk edər, qəlbində ona qarşı məhəbbət əmələ gələr. Buna görədir ki, övladlara valideynləri ehsan verməyi vacib buyurublar, valideynlərə isə övladlara ehsan verməyi vəsiyyət etməmişlər.

Naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz.

Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.

Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt.

Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.

Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.

Heç kəsi qınama, dünya işinin həmişə dəyişən və çevrilən olduğunu nəzərə al.

Bədbəxt o adamdır ki, həyatını düşünməsin, aqibətini fikirləşməsin.

Həmişə ölümü yadına sal və ölmüşlərdən ibrət dərsi al.

Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, sonra qəzəb vərdişə keçə bilər.

Bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma, haradan bilirsən ki, sabah bir hadisə baş verməyəcəkdir.

Rəqiblərin sözləri və işləri sənə aydın deyilsə, onlar haqqında hökm vermə.





Dahi Azərbaycan mütəfəkkiri, uzaqgörən alim Nəsirəddin Tusi yaradıcılığı müasir dövrdə də öz əhəmiyyətini itirməmiş, yazdığı əsərlər öz aktuallığını qoruyub saxlaya bilmişdir. 


ƏDƏBİYYAT 

1. Мамедбейли Г.Д. Основатель марагинской обсерватории Мухаммед Туси. Баку, Изд-во АН Азербайджанской ССР, 1961 

2. Рахматуллаев Н. Философские взгляды Ибн Сины в книге наставления. - Душанбе, 1980. 

3. Розенфельд Б. О математических работах Насирэддина Туси. Историко-математические исследования, вып. IV, М.Л., 1951 

4. Шмидт А.Э. Насирэддин Туси по вопросу о свободе воли. - Спб. 1913. 

5. F. Eyvazov. Nəsirəddin Tusi. Baki, 1980 

6. F. Ələkbərov (Ələkbərli). Orta əsrlər Azərbaycan alimlərinin təkamül görüşləri. “Elm” 13 Avgust 1988, səh.4 

7. Xace Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Baki, Elm, 1989 (2004)



AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fiz.ü.f.d., dosent Mirnamik Mirəhmədağa oğlu Bəşirov, [email protected] 

Bakı şəhəri Yasamal rayonu Nəsirəddin Tusi adına 173 saylı orta məktəbin fizika müəllimi İlhamə Adil qızı Səfərova. [email protected] 

Qonaq Türkan Beyler
Astrologiyaa elminin en vacib ve en böyük inkişafında edilmiş ilklerin bizim deyerli Astroloqumuz terefinden edilmesi en böyük fexrimizidir???
  • 12 fevral 2022 10:34
  • Status:
Fuad Aliyev
Qonaq Türkan Beyler, nəzərinizə çatdırım ki, astrologiya elm yox, psevdoelmdir. Bugünkü elmi inkişafa görə riyaziyyat, fizika, astronomiya və s. kimi elmlərə borcluyuq.

  • 9 oktyabr 2022 16:11
  • Status: İstidafəçi xətdə deyil