» » » Nicat Kazımov hekayələri


Şeçilmişlər Nicat Kazımov hekayələri

ADI:
Hekayələr 2012-2017
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
355 kb
Əziz oxucular, bu kitabdakı hekayələrin hamısı Rəngli Daşlar və İblisin Oyunu romanlarının  müəllifi Nicat Kazımovun 2012-2017-ci illər arasında yazdığı nijatkazimov.wordpress.com  blogundan götürülmüşdür. Blogda  yarımçıq qalmış bir neçə hissəli  hekayələr də mövcud olduğundan, onlar bu online kitaba yerləşdirilməmişdir.

Eşq Sultanı
  
Havanın istiliyindən və günlərdir ac qalan qullar elə bazarın ortasındaca, özlərindən gedirdilər.  Sahiblərinin başları al-verə qarışdığından heç biri  burnundan qan açılıb ağzı üstə yerə düşən  bu qullara fikir vermirdi. Həmədan öz qul bazarı ilə məşhurlaşdığından, ağalar və bəylər uzaq yollar qət edib  bu bazara gəlib, öz imarətləri, sarayları üçün qul alıb özləri ilə götürürdülər.
Bu gün bazarda ən çox qulu olan yəhudi İbrahim ağa üçün  uğurlu bir gün sayılardı. Çünki, İraq  tacirlərindən biri qul almaq üçün ona müraciət etmişdi.  İbrahim ağa  tacirin 40 qul istəməsini duyunca iştahı qabarmış  və əlindəki ən yaxşı qulları tacirə satmışdı. Qul bazarında “müftə-müsəlləm” adlı bir adət var idi ki, 40 qul alana birini də pulsuz hədiyyə edirdilər.  İbrahim ağa etdiyi alverdən razı olduğundan əlindəki son qulu – heç bir işi bacarmayan, bir əti və sümüyü olan, tez-tez özündən gedən  gənci  “müftə-müsəlləm” kimi tacirə hədiyyə vermişdi. Tacir qula baxıb, çatma qaşlarını büzüb dedi:
–          Adın nədir?
–          Eldəniz. – qulun səsi dodaqları arasından zorla tökülürdü.
–          Gücsüz, qüvvətsiz birisən.  Nəsə bir iş bacarırsan? – Tacir Eldənizi iti gözləri ilə süzüb dedi. Eldənizdən heç bir səs gəlmədi. Zatən günlərdir əli-qolu bağlı yol gələn gənc Eldənizin danışmağa taqəti yox idi. Onun halını başa düşən tacir öz-özünə dedi: “Zatən müftədir. Nə dəxli var. Onu da götürüm”.
Tacir aldığı qullarına çörək və su verdi. Axşam hava sərin olduğunda yola rəvan olacaqlarını bildirdi. Günəşin altında dəriləri qaralmış qullar hərəsi bir ağacın kölgəsində gizlənib az da olsa yatmağa çalışırdı. Eldəniz isə yorğun olmasına baxmayaraq, hələ də keçirdiyi şokun təsirindən çıxmamışdı. Gözünün qarşısında qıpçaq türklərin yaşadığı kiçik kəndə tanımadığı insanlar tərəfindən hücum olmuşdu. Atası Nüsrət həyatda heç kimlə düşmənçiliyi olmayan atlara nal vuran bir qoca idi. Ancaq, kəndə hücum edənlər hər kəsi qılıncdan keçirib, uşaqları və qadınları  qul kimi özləri ilə götürdülər. O gündən sonra  Eldəniz yollarda süründürülür, döyülür, heç bir işi bacarmadığına görə tez-tez təhqir olunurdu. Hətta o qədər zəyif bədəni var idi ki, qullar da öz heyifllərini çəlimsiz Eldənizdən çıxırdılar.  Eldənizin isə gözünün qarşsıından getməyən bir şey – atasının atların ayağı altında qalan başı idi. Hələ körpə ikən, anasını qarayara xəstəliyindən itirən Eldəniz indi həyatın keşməkeşli yolunda gənc yaşlarında ayaq üstə durmalı idi. Ancaq, bunun üçün özündə güc tapa bilmirdi.