» » » Erix Mariya Remark - "Qərb Cəbhəsində Təbəddülat Yoxdur" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Erix Mariya Remark - "Qərb Cəbhəsində Təbəddülat Yoxdur" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Qərb Cəbhəsində Təbəddülat Yoxdur
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:
Qərb Cəbhəsində Təbəddülat Yoxdur” əsəri, dünya ədəbiyyatına “Zəfər Tağı”, ”Üç Yoldaş”, ”Lissabon Gecəsi” kimi mədəni irslər buraxan alman yazıçı Erix Mariya Remarkın, müharibənin ağırlıqlarına və kədərlərinə həsr etdiyi əsərdir.
Dünyamızın insan oğlunun  mövcudluğu  ilə məna qazanması ilə bir yerdə, deyə bilərik ki, müharibə amili də hər dövrdə özünü büruzə vermişdir. Bir sıra ölkələrdə ya vətəndaş müharibəsi baş vermiş, hər hansı yeraltı və ya yerüstü sərvətlər, yaxud da siyasi çaxnaşmalardan ötrü müharibələr hələ də davam etməkdədir və cəbhələrdə baş verənlərlə bağlı xəbərləri isti-isti Kütləvi İnformasiya Vasitələrindən öyrənirik. Yəni kütləvi insan ölümünə səbəb olan müharibələrin, bu dünyanı yaşamaq üçün uyğunsuz bir məkana çevirməkdən başqa bir işə yaramaması hamımıza məlumdur. Əlbəttə ki, bəzən müharibə etməyə məcbur olmaq, əhalini qorumaq üçün qaçınılmaz əvəzlər ödəməkdən söhbət getmir. Məsələyə daha ümumi və nəticə etibari ilə yanaşırıq.
Məşhur bir el deyimi var: Müharibəni qazanan olmur. Əslində ilk ifadədəcə cümləni daha çox iqtisadi baxımdan ölkəyə, eyni zamanda da mənəvi cəhətdən xalqa təsirini anlayırıq. Fərdlər üzərindən yola çıxdıqda isə müharibənin geridə buraxdığı dəhşətlərin izlərini gözümüzü açaraq daha aydın bir şəkildə görə bilərik. Birinci Dünya Müharibəsini iştirakçısı olan almaniyalı yazıçı Erich Mariya Remarkın ilk əsəri “Qərb Cəbhəsində Təbəddülat Yoxdur” (Bəzi mənbələrdə “Qərb Cəbhəsində Yenilik Yoxdur“) hər kəsi papağını qarşısına qoyub müharibə və onun nəticələri haqqında yenidən fikirləşməyə dəvət edir. Əsərdə müəllif, müharibədə iştirak edən hər kəsin ölməsi düşüncəsini müdafiə edir. Heç kim müharibədən sağ çıxa bilməz. Bəziləri fiziki olaraq ölürlər; yaralanır, qan itirir, ürəkləri dayanır, beyin öz funksiyasını itirir. Sağ qalanlar isə mənəvi olaraq ölürlər. Gələcəyə baxdıqda isə sadəcə keçmişdə baş verən qanlı müharibəni görürlər.
“Gəncəm, iyirmi yaşım var. Lakin həyatda ümidsizlikdən, ölümdən, qorxudan və kədərin uçurumuna aparan mənasız ötərilikdən başqa bir şey bilmirəm. İnsanların bir-birinə zorla düşmən edildiyini və sakitcə, heç bir şey bilmədən, axmaqca, aciz-aciz və təqsirsiz bir-birini öldürdüklərini görürəm. Dünyanın ən ağıllı beyinlərinin, bütün bunları daha ustalıqla və sarsılmaz edə bilmək üçün yeni silahlar və yeni sözlər kəşf etdiklərini görürəm”
Əsərin, Nasist Almaniyasında qadağan olunduğunu bilmək belə insanın diqqətini cəlb edir. Roman, müəllimlərinin vətən eşqi aşılamasıyla böyüyən və könüllü olaraq ordu sıralarına qoşulan almaniyalı gənclərin müharibənin həqiqəti altında necə əzilib məhv olduqlarını ağır sözlərlə üzümüzə sillə kimi vurur. Qəhrəmanlar, yaşamaq sevinci və həyata olan bağlılıqlarından artıq məhrum olurlar. Nəticə etibarı ilə yaşayan, ancaq ölü bir ruha sahib olurlar və özləri də bunun fərqindədirlər. 19-20 yaşlarında olmalarına baxmayaraq artıq son illərini yaşayan bir qoca insanın ruhuna sahibdirlər. Bu qanlı dəhşətin sonunda gələcəyə dair heç bir ümid , arzu və istək mövcud olmur. Sağ qalan insanların belə ölü olaraq geri döndüyü müharibə, eyni zamanda əsgərlərin ailələrini istər maddi istərsə də oğullarının hər an ölə biləcəyi fikrinin yaşatdığı mənəvi ağrı ilə necə sarsdığının da şahidi oluruq.
Müharibə məzmunlu bir çox filmə baxsaq da kitabın yaratdığı təsir daha ağır olur. Kəsilmiş əllər və ayaqlar, parçalanan bədənlər, yarılmış qarından çölə çıxan bağırsaqlar, ətrafda dolanarkən ayaq altında əzilən meyidlər, qulaqlarda vızıldayan güllələr və gözlərdəki ölüm qorxusunun təsəvvürü, filmdəki görüntülü epizodlardan da daha təsirli olur. Əlbəttə ki, müəllifin nəqletmə qabiliyyətinə toxunmaq yerində olardı. Müharibəni öz gözləri ilə görmüş yaşamış yazıçının yazı üslubunda hər hansı bir əksiklik axtarmaq bu kimi mövzularda demək olar ki, yanlış yanaşma olardı. Çünki dəhşət, qanın yer aldığı bir məkanda ölümlə üz-üzə dayanan əsgərlərin bizə sadəcə yalın şəkildə hiss etdikləri lazımdır. Romanı oxuduqca insan artıq müharibə sözünü dilinə almağa həm qorxur, həm də utanır. Çünki müharibə görmüş bir insanı ancaq və ancaq onunla çiyin-çiyinə vuruşduğu yoldaşlarının anlayacağı şübhəsizdir. Saxta anlayış və səmimiyyətə yer yoxdur. İki dodaq arasında müharibə sözünü tələffüz etmək çox asandır. Lakin cahil və özünə vurğun insanlar bunun necə faciələrə səbəb olmasından və gücündən  xəbərsizdirlər.
Əsərin adı ilə bağlı olaraq bir sıra maraqlı nüansları qey etmək istəyirəm. Belə qənaətə gəlmək olar ki, Qərb cəbhəsi, insan mövcud olduğu müddət ərzində insanlıq tarixinin ən böyük utanc qaynaqlarından biri olacaq. Əlbəttə digər cəbhələri və ya sonrasında baş verən müharibələri də gözardı etmək olmaz. Lakin bu cəbhədəki dəhşət haqqında bir oxuyucu və ya kənardan bir müşahidəçi olaraq rəqəmlərlə kiçik də olsa təsəvvürümüz yarana bilər: 1.6 milyon fransız, 1.8 milyon Alman, 800.00 İngilis və 116.000 Amerikalı əsgər həyatını itirmişdir. Müharibələr, kapitalın və iş bölgüsünün dünyanı necə bir xarabalığa çevirdiyinin əyani göstəricisidir.
Əsərin motivləri əsasında 1930-cu ildə çəkilən “All Quiet on the Western Front” filmi 2 Oscar mükafatına  layiq görülmüşdür.

Qərb Cəbhəsində Təbəddülat Yoxdur” əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1563-erich-maria-remarque-garp-cephesinde-yeni-bir-sey-yok.html

Aysel Talibova
Bu yazının müəllifi kimdir? hiss olunur ki, Oxuduqca ruhunu qataraq, təsirlənərək oxuyub əsəri. :) Maraqlı alınıb. Səmimi təhliliniz üçün təşəkkürlər hər kimsinizsə. Əsər mənə elə gəlir ki, hələ bundan sonra min il də gündəmdəki yerini qoruyub saxlayacaq. Mövzusu heç vaxt köhnəlməyəcək.
  • 23 avqust 2018 19:24
  • Status: İstidafəçi xətdə deyil