KitabYurdu » Kitab » Stiven Kovi - Yüksək effektli insanların yeddi vərdişi


Şeçilmişlər Stiven Kovi - Yüksək effektli insanların yeddi vərdişi

ADI:
Yüksək effektli insanların yeddi vərdişi
REYTİNQ:
  • +28
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
298 kb
“Yüksək effektli insanların yeddi vərdişi” kitabının ilk nəşrindən sonra dünyada çox şey dəyişmişdir. Həyat daha mürəkkəb, daha gərgin olmuş, bizə qarşı daha ciddi tələblər irəli sürməkdədir. Biz sənaye dövründən informasiya dövrünə, yaxud intellektual əmək dövrünə keçirik, bunun isə ən müxtəlif nəticələri var. Şəxsi həyatımızda, ailədə və işlədiyimiz təşkilatda elə problemlərlə qarşılaşırıq ki, on il, yaxud iyirmi il əvvəl onları heç təsəvvür etmək olmazdı. Bu problemlər sadəcə başqa bir miqyasla ölçülmür, onlar tamamilə ayrı bir xassəyə malikdir.
Cəmiyyətdə gedən bu radikal dəyişiklikləri və dünya bazarında rəqəmsal texnologiyaya əsaslanan güclü tərəqqini görən bir çoxları haqlı olaraq məndən soruşurlar: “Yüksək effektli insanların yeddi vərdişi bu gün öz aktuallığını saxlayırmı?” Bunun ardınca başqa bir sual verirlər: “On il, iyirmi il, əlli, yaxud yüz il sonra onlar yenə də aktual olacaqmı?” Bu suallara mən həmişə belə cavab verirəm: dəyişikliklər nə qədər əhəmiyyətli, vəzifələr nə qədər mürəkkəb olsa, yeddi vərdiş bir o qədər aktual olacaq. Bunun səbəbi çox sadədir: bizim problemlərimiz və ümidsizlikdən doğan ağrılarımız universaldır və heç vaxt kəskinliyini itirmir, problemlərin həlli isə həmişə ümumi, əbədi, öz-özünə yaranmış prinsiplərə əsaslanacaq – o prinsiplərə ki, onlar bəşər tarixinin bütün dövrlərində hər bir sabit və inkişaf edən cəmiyyətə xasdır. Bu prinsipləri mən fikirləşməmişəm, onları mən kəşf etməmişəm, mən onları yalnız formalaşdırıb ardıcıl bir sistemə salmışam.
Həyatda aldığım ən mühüm dərslərdən biri budur: ən böyük məqsədə çatmaq, ən mürəkkəb vəzifəni yerinə yetirmək istəyirsinizsə, prinsipinizi, yaxud əldə etmək istədiyiniz nəticəni müəyyən edən təbii qaydanı formalaşdırın, sonra da bu nəticənin ardınca gedin. Bu və ya digər prinsipi necə tətbiq etməyimizi əhəmiyyətli dərəcədə bizim nadir üstünlüyümüz, istedadımız və yaradıcı qabiliyyətimiz müəyyən edir, amma son nəticədə hər bir təşəbbüs o vaxt uğurlu olur ki, insan bu uğurun bağlı olduğu prinsiplərlə hərəkət edir.
Bir çoxları başqa cür düşünürlər, hər halda, yəqin ki, bilərəkdən. Amma getdikcə inanırsınız ki, prinsipial qərar kütləvi mədəniyyətimizdə qəbul olunmuş hərəkət və düşüncə tərzindən köklü surətdə fərqlənir. İcazə verin, hər birimizin tez-tez üzləşdiyi, geniş yayılmış bir neçə problemin timsalında dediyim fərqi izah edim.
Qorxu və müdafiəsizlik. Bu gün bir çox adamlar qorxu hissi keçirirlər. Onlar öz gələcəkləri üçün qorxurlar. Onlar iş yerlərində özlərini arxayın hiss etmirlər. İşlərini itirməkdən və ailələrini təmin edə bilməyəcəklərindən qorxurlar. Bu zəiflik tez-tez ona gətirib çıxarır ki, adamlar risksiz həyata, həm işdə, həm də evdə başqalarından asılılığa acizanə şəkildə razılaşırlar. Mədəniyyətimizin həmin problemə geniş yayılmış bir cavabı var – daha çox müstəqilliyə nail olmaq. “Mən bütün səylərimi “özümə və mənimki olana” yönəldirəm. Mən öz işimi yerinə yetirəcəyəm, özü də yaxşı yerinə yetirəcəyəm, işdən sonra isə o şeylə məşğul olacağam ki, mənə, doğrudan da, zövq versin”. Müstəqillik, əlbəttə, çox mühüm, hətta həyati əhəmiyyətli dəyərdir. Amma məsələ burasındadır ki, biz qarşılıqlı surətdə asılı olmağın reallığında yaşayırıq və hər hansı nəzərə çarpan nailiyyətimiz öz bacarığımızdan başqa, bizdən həm də qarşılıqlı asılılıq qabiliyyəti tələb edir.